Video 10:24 11.01.2024

Sağlamlıq üçün təhlükəli arıqlama dərmanları satanlar tutuldu (VİDEO)

Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentiyi sosial şəbəkələrdə arıqlama və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulları satan şəxslərə qarşı tədbir keçirib.

DİN-dən bildirilib ki, ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub.

Qeyd edilib ki, bu istiqamətdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri növbəti tədbirlər zamanı 1993-cü il təvəllüdlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədovun qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olaraq mənşəyi məlum olmayan bioloji aktiv qida məhsullar satmaları aşkar edilib.

Həmin məhsullardan götürülən nümunələr tərkibinin müəyyən edilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Alınmış mütəxəssis rəyində qida əlavələrinin tərkibində üzərindəki göstəricilərə uyğun olmayan, kənar zərərli kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.