İdman 13:10 06.12.2022

“Səbail - “Turan Tovuz” matçında xoşagəlməz hadisələr: əslində nə baş verib?

AFFA-nın U-17 Liqasında bir neçə gün əvvəl baş tutan "Səbail - "Turan Tovuz” matçında xoşagəlməz hadisələr yaşanmışdı. AFFA-nın İntizam Komitəsi də həmin matçla bağlı sərt qərarlar çıxararaq "Səbail”in akademiyasının koordinatoru Mirbağır İsayevi və komandanın baş məşqçisi Yaşar Abuzərovu cəzalandırmışdı. Hər iki klub rəsmisi qarşılaşmadan sonra hakimləri və oyunun rəsmi şəxslərini təhqir etməsi əsası ilə cəzalandırlmışdı. İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulmuşdusa, Abuzərov beş oyun yarışlardan kənarlaşdırılmışdı. Maraqlıdır, bəs həmin vaxt nələr baş vermişdi?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən İsayev hakimi təhqir yox, ona sadəcə, jest etdiyini dedi.

"Onların qərarna hörmətlə yanaşıram. Amma qərardan apelyasiya şikayəti vermişik. Bilmirəm, hakim nə yazıb ora. Mən heç kimi təhqir yox, sadəcə, jest etmişəm. Söyüş söyməmişəm. Ümumiyyətlə, onlara qarşı ağır ifadələr işlətməmişəm. Əksinə, stadiondan yola salmışam. Hakim isə dedi ki, jestinizi qərarda yazacam. Həmin vaxt hakim-inspektor Munis Abdullayev, baş hakim və iki laynsman olub orada. Yəni son söhbətimiz belə olub. Həyatdı, hər şey baş verir. Mənim nə hakimlə, nə AFFA ilə problemim var. Problem odur ki, "Səbail”in akademiyasının komandalarını düzəldim. U-19 ikinci yerdə gedir, U-17 ilk "dördlük”də, U-16 və U-15 də öz çempionatlarında ilk "beşlik”dədir. İşimiz ancaq komandalarımızı düzəltməklə bağlıdır. Belə hadisələr Premyer Liqada da olur, o ki qaldı aşağı liqalara”.

Mütəxəssis oyundan sonra baş hakimə əl uzatmadığını və güman ki, bu səbəbdən cəzalandırıldığını ehtimal edir:

"Oyundan sonra hər iki laynsmanla görüşdüm. Amma baş hakimə çatanda əlimi geri çəkdim. Adətən oyunlarda meydançaya düşmürəm, kənardan izləyirəm. Ara qarışdığı üçün meydançaya düşmüşdüm. "Turan Tovuz”la çox mübahisəli oyun keçdi. İstəmədim dava-dalaş olsun. Bunlar hamısı oyun bitəndən sonra baş verdi. Haqsızlıq? Bunu hakimlərin rəhbəri bildirsin, mən, sadəcə, olanları danışdım. Etdiyim hərəkətin arxasındayam. Söyüş söysəm, bunu etiraf edərdim. Bəlkə də əl uzatmamağı təhqir hesab ediblər. Ümid Allahadır, ancaq mən, söyüş söyməmişəm. Belə olsa, uşaqlar məndən nə öyrənər?”.

Səbuhi Həsənov