"Sədərək" Ticarət Mərkəzində fəhlə sahibkarın pullarını oğurlayıb.
Qaynarinfo-nun məlumatına görə, 2003-cü ildə Bərdə rayonunda doğulmuş C.V.-nın Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, "Sədərək" Ticarət Mərkəzində xırdavat ticarəti ilə məşğul olan zərərçəkmiş sahibkar E.R. "Şirniyyat" bazarının 6-cı sırasında quraşdırılmış bankomatdan özünə məxsus bank kart hesabından pul çıxarmaq istəyib. Kartı bankomatın sensorunun üzərinə qoyduqdan sonra, karta aid səhifə açılıb və kodu yığdıqdan bir neçə saniyə sonra ekrana reklam çarxı gəlib. O, bankomatın işləmədiyini düşünərək, kartını götürüb və oradan uzaqlaşıb.
Bundan bir neçə saniyə sonra təqsirləndirilən şəxs ekranda həmin sahibkarın kart məlumatları görüb və 1000 manat pul çıxaraq xərcləyib.
Məhkəmədə E.R. təqsirləndirilən şəxsin azyaşlı uşağı olmasını və ailə vəziyyətini nəzərə alaraq, ona qarşı şikayət və tələbinin olmadığını və yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 10 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Aydın
Şərhlər