Ölkə 15:33 16.03.2024

Səhiyyə Nazirliyi "Artromed"də yoxlama apardı, cərimələdi - Məhkəmə ləğv etdi

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə propekti 34, Xəzər dairəsinin yaxınlığında yerləşən "Artromed" Özəl Tibb Mərkəzində plandankənar (növbədənkənar) yoxlama keçirilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirlik tərəfindən klinika İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib və iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

9 fevral 2024-cü il tarixdə, saat 13:00-da plandankənar yoxlama zamanı klinikada şəhadətnamədən keçmədən otorinolarinqologiya (lor) iş və fəaliyyəti ilə məşğul olması aşkar olunub.

Məhkəmədə "Artromed" klinikasının direktoru tərtib edilmiş protokolla razı olmadğını bildirib və hesab edir ki, qanunsuz olduğundan inzibati xəta haqında icraata xitam verilməlidir. Nazirliyin nümayəndələri yoxlamaya gələrkən heç nə demədən qanunsuz olaraq protokol tərtib ediblər. 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən göndərilən məktubda bildirilib ki, klinikada yoxlama zamanı sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni şəhadətnamədən keçmədən otorinolarinqologiya (lor) iş və fəaliyyəti ilə məşğul olması aşkar olunub.

Hakim Sülhanə Hacıyeva Səhiyyə Nazirliyinin kilinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verib.

Əhməd