Ekonomiks 19:17 30.01.2024

Səhiyyə Nazirliyinin tenderini öz əməkdaşının şirkəti udub?

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu "Gravity Construction" MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, şirkət Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cari təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.  Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 315 167,47 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Gravity Construction" MMC 25 may 2022-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, "D" yaşayış sahəsi, ev 29, mənzil 112-dəı yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Rəcəb Sabir oğludur. 

Açqı mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin iki veb-səhifəsi olsa da, işlək deyil. 

Araşdırmalarımız zamanı məlum olub ki, şirkət əsasən təmir və dizayn işləri ilə məşğul olur. 

Mediada gedən məlumatlarda iddia edilir ki, "Gravity Construction" MMC Səhiyyə Nazirliyinə yaxın şirkətdir. Şirkətin konkret olaraq Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Hacıyevə məxsus olduğu iddia edilir. 

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən elanlardan məkum olur ki, şirkət ötən il Səhiyyə Nazirliyi ilə maliyyə dəyəri 145 100,88 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. 

Müqavilədə tikili və avadanlıqların cari təmiri nəzərdə tutulur. 

Seyid