İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etiraz aksiyaları davam edir. Aksiyaların ilk günlərində məcburi hicab qanununun ləğvi tələb edilirdisə, artıq bu tələb rejimin istefası ilə əvəzlənib. İran hakimiyyəti isə baş verənləri "xarici qüvvələr”lə əlaqələndirir.
Qaynarinfo İranda cərəyan edən hadisələrin pərdəarxasına işıq salmaq üçün hazırda Türkiyədə mühacir həyatı yaşayan, əslən Təbrizdən olan dissident-yazar Əliəsgər Heydəri ilə söhbətləşib.
- Əliəsgər bəy, iki aya yaxındır ki, İranı etiraz dalğası bürüyüb. Hakimiyyət baş verənləri "xarici qüvvələrin işi” kimi qələmə verir. Bəs əslində İranda nə baş verir, xalqın tələbi nədir və hökumətin iddaları əsaslıdırmı?
- İranda xalq azadlıq istəyir. Artıq 44 illik ədalətsilzikdən bezən xalq İslam Cümhuriyyətinin dəyişməsinə çalışır. Əlbəttə ki, hakimiyyətin iddiaları əsasszıdır. Burada heç bir xarici qüvvədən söhbət gedə bilməz. Xalq sadəcə artıq cana doyub, ona görə də ayağa qalxıb. Hamının mövqeyi bu məsələdə birdir. Yəni, istər türk olsun, istər fars, istər ərəb, istər bəluc və istərsə də kürd olsun, hamı birmənalı olaraq indiki rejimin dəyişməsini istəyir. Bu, aksiyalarda səsləndirilən şüarlardan da görünür. İnsanlar elementar hüquqlardan məhrumdurlar. Ona görə də artıq mövcud ədalətsizliklərlə barışmaq istəmirlər. Demokratik, azad və ədalətli hökumət istəyirlər.
- İran hökumətinin aksiyaların qarşısını qəddarlıqla alması, etirazçılara qarşı odlu silahdan istifadə etməsi fonunda xalqın rejim dəyişkliyinə nail olması mümkündürmü?
- Hesab edirəm ki, mümkündür. Hökumətin repressiv və amansız davranışlarına baxmayaraq, etirazlar davam edir. Dünən də, bu gün də İranın iri şəhərlərində xalq küçələrə çıxıb. İnsanlar meydanlardan çəkilmir. Porses inkişaf edir. Repressiya və qətllərə baxmayaraq, xalqın əzmini qırmaq mümkün deyil. Artıq İranın iri şəhərlərində - Təbrizdə, İsfahanda, Tehranda qadınlar hicabsız küçəyə çıxır və hökumət də heç nə edə bilmir. Bu hələ başlanğıcdır. Hələ həsbdə olanların azadlığa buraxılması, demokratik dəyişiklərin həyata keçirilməsi var. Yəni, hesab edirəm ki, proses məntiqi sonluğuna çatacaq.
- Deməli, repressiya və qətllərə baxmayaraq İranda qorxu xofu aradan qalxıb...
- Bəli, qorxu xofu artıq aradan qalxıb. İnsanlar həbsdən, hətta ölümdən belə qorxmurlar. Baxın, 2 gün əvvəl 3 edam hökmü çıxarılıb. Amma xalq yenə küçələrdədir. Hakimiyyətin gücü tükənib. Porsesin qarşısını almaqda acizdir. Faktiki olaraq xalq mövcud hakimiyyətə itaətsizlik göstərir. Ən müxtəlif üsullarla etirazlarını bildirirlər.
- Baş verənlər hakimiyyət daxilində parçalanmaya səbəb ola bilərmi?
- Düşünmürəm ki, hökumətdə hər hansı parçalanma olsun. Düzdür, İran hökuməti liberal və mühafizəkar qanaddan ibarətdir və zaman-zaman bu iki qrup arasında ziddiyətlər olub. Amma indi hər iki qanad birləşib. Çünki liberal da olsalar da, İslam hökumətini təmsil edir və quruluşun dəyişməsini istəmirlər. Ona görə də mühafizəkarlarla birləşiblər. Digər tərəfdən, xalq onları da qəbul etmir. Xalqın istədiyi sekulyar, demokratik dövlətdir.
- İran çox millətli ölkədir. Xüsusilə, azərbaycanlılar digər etniklərdən əhəmiyyətli dərəcədə çoxdur və hüquqları ən çox pozulan xalqdır. İranda baş verənlər ölkənin parçalanmasına, digər xalqların müstəqillik əldə etməsi ilə nəticələnə bilərmi? Ümumiyyətlə, bu yöndə hansısa addımlar atılırmı?
- İranda türk məsələsi çox ciddi məsələdir və bunun yükü də təbii ki, azərbaycanlıların çiyinlərindədir. Zaman-zaman türk məsələsi qaldırılıb. Lakin burada hökumətin iddia etdiyi kimi separatizmdən söhbət getmir. İranda farslar da, türklər də, ərəblər də, bəluclar da, kürdlər də demokartik, hər kəsinin hüquqularının tanındığı bir ölkə istəyir. Yəni, türk məsələsində İran çərçivəsindən kənara çıxmaq nəzərdə tutulur. Bu gün İranda Azərbaycan talanır. Azərbaycanlılar repressiyalara məruz qalır, adi hüquqları belə tanınmır. Ana dilində təhsil yoxdur. Bu məsələlər də həmişə qaldırılıb və İran çərçivəsində həlli tələb edilib. Yəni, İranda demokratik hökumət olacaqsa, bütün xalqlar bərabər hüquqlara malik olacaqsa, əlbəttə ki, biz də onlarla birgə yaşaya bilərik. Bu gün İranda fars-türk savaşı yoxdur. Bu gün İranda problem mövcud rejimdir. Bəli, rejim farsı türkə, kürdü ərəbə qarşı qoymağa çalışır. Xalqlar arasına nifaq toxumu səpir. Bütün bunlar rejimin ömrünü uzatmaq üçün edilir. Amma İrandakı xalqların bir amalı var - demokratik və dünyəvi İran.
- İranın sünni bölgəsi olan Sistan və Bəlucistan vilayətinin inzibati mərkəzi Zahedan şəhərində sünni məscidinə hücum olmuşdu. Hökumət qüvvələrinin məscidi gülləbaran etidyi və 100-ə yaxın şəxsin öldüyü bildirilir. Bundan sonra isə Zahedanda şiə imamcüməsi Səccad Şəhraki öldürüldü. Belə ehtimallar var ki, bütün bunlar ölkədə məzhəb qarşıdurması yaradaraq, diqqəti əsas problemlərdən yayındırmaq üçündür. Sizcə, İranda məzhəb savaşı realdırmı?
- Hesab edirəm ki, bu, real deyil. İran hökuməti buna çalışsa da, məzhəb qarşıdurması baş verə bilməz. Yenə də deyirəm, İranda sünni də, şiə də hökumətin dəyişməsini istəyir, diktatura rejiminə qarşı mücadilə aparılır. Bu mücadilədə sünni də, şiə də, fars da, türk də ərəb də, kürd də yanyanadır. Bu gün İranda azadlıq istəyən xalqla diktatura rejimi üz-üzədir. Burada hər hansı məzhəbçilikdən, separatçılıqdan, xarici qüvvədən söhbət gedə bilməz. Bu, hökumətin uydurmalarıdır.
Vidadi Məmmədov
Şərhlər