Dünya 21:10 19.05.2023

Səudiyyə Ərəbistanından Rusiya və Ukrayna arasında vasitəçilik təklifi

Ər-Riyad Rusiya-Ukrayna hərbi münaqişəsinin həlli üçün beynəlxalq səyləri dəstəkləyir. 

Qaynarinfo xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ərəb Liqasının sammiti zamanı bildirib. 

"Biz Ukrayna böhranının həlli üçün beynəlxalq səyləri dəstəkləyirik və Rusiya ilə Ukrayna arasında vasitəçi kimi çıxış etməyə hazırıq", - Şahzadə Məhəmməd vurğulayıb.

Sammitə gələn Ukrayna Prezidenti Volodimir Zelenski çıxışı zamanı nümayəndələrdən Ukraynanın "sülh formulu”nu dəstəkləməyi xahiş edib.
Vladimir Zelenski Ərəb Liqasının sammitində çıxışı zamanı Krımın "Ukraynada müsəlman mədəniyyətinin mərkəzi” olduğunu bildirib. O bildirib ki, Krım tatarları müsəlman icmasının ayrılmaz hissəsi olaraq qalır. 

Eyni zamanda, Zelenskinin sözlərinə görə, Krım "Rusiya işğalından” ilk əziyyət çəkən bölgə olub və indiyədək yarımadada repressiyaya məruz qalanların əksəriyyəti müsəlmanlardır.

Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, Zelenski fəxri qonaq kimi dəvət edilib və o, Fransa hökumətinin təyyarəsi ilə Ciddəyə gəlib. Bu dəvət Səudiyyə Ərəbistanının Rusiya və Ukrayna arasında hərbi münaqişənin həlli istiqamətindəki səylərinin bir hissəsidir.

Nizami Bağırov