Sənət 13:30 16.08.2022

“Sevgi ilə görülən hər şey gözəldir..” - Gənc rəssam-heykəltaraşla müsahibə

Qaynarinfo rəssam-heykəltaraş Gülnarə Freya (Novruzova) ilə müsahibəni təqdim edir.

- Gülnarə xanım, salam. Öncə məlumatı olmayıb, müsahibəni oxuyanlara qısaca məlumat verək. Rəssamlıq fəaliyyətiniz daha çox hansı istiqamətdədir, bu sahə ilə peşəkar məşğul olursunuz, yoxsa, daha çox həvəskar?!
- Salam. Rəssamlıq fəaliyyətim həm şəkil, həm də heykəltaraşlıq üzrədir. Amma rəsmlə daha peşəkar məşğulam, heykəltaraşlıq ilə daha çox həvəskar.

- Həvəskar heykəltaraş dedikdə nə nəzərdə tutursunuz? Bu işdən gəlirləriniz olmur, sadəcə, özünüz üçün? Ya rəssamlıq qədər bacarmadığınıza görə deyirsiniz?
- Rəssamlığın təhsilini də almışam. ADPU məzunuyam. Lakin heykəltaraşlığı həvəskar olaraq hobbi kimi başlamışdım. Əvvəlcə özüm üçün nələrsə yaradırdım, daha sonra da sevdiklərim üçün. Bu istiqamətdə hər gün bilik və bacarıqlarımı artıraraq, özümü daha da inkişaf elətdirirdim. Getdikcə əl işlərim çox sevildi, artıq bu işlərin satışı ilə məşqul olmağa başlamışam. Öz brendimi yaratdım, bununla paralel, tələbələr yetişdirirəm. Bacarmamaq məsələsinə gəldikdə isə mən ya bir işi görmürəm, ya da görürəmsə, ən mükəmməl formada edirəm. 

- Azərbaycansa heykəltaraşlıq niyə inkişaf etmir? Xüsusi səbəbləri varmı? Rəssamlıqla məşğul olan çox olsa da, yenə də hər kəs qazana bilmir. Bəs, heykəltaraşlıq niyə inkişaf etmir?
- Sadə bir misal gətirəcəm. Bir müddət əvvəl Yesentuki Qryazaleçebniçaya gedirdik müalicə almaq məqsədi ilə. Oranın interyerində bir çox heykəllər və divar rəsmləri var. Mən isə heykəllərə olan marağımdan 1-2 heykəlin şəklini çəkib sosial şəbəkədə paylaşmışdım. Bir çox mənfi rəylər, mesajlar aldım anında. Aldığım bir mesaj isə çox sevdiyim bir müəllim tərəfindən idi. Yazmışdı ki, Gülnarə xanım, sizin bu sahəyə olan marağınızı, sevginizi anlayıram. Lakin bunu unutmayın ki, siz eyni zamanda müəllimsiniz və sizin çevrənizdəki insanlar bunu düzgün anlamayacaq. Əvvəlcə həmkarımın yazdığı bu fikir xətrimə dəydi, amma bir qədər düşündükdən sonra paylaşdıqlarımı silib, ona haqq qazandırdım. Azərbaycanda ümumilikdə incəsənətin yetəri qədər inkişaf etmədiyini qəbul etməliyik. Yəqin ki, bu misaldan nə dediyim aydın oldu.

 - Gülnarə xanım, elə rəssamların bir çoxu deyir ki, istedad fitri deyil, sonradan qazanılma da ola bilər. Yəni, rəsm çəkə bilməyən bir adam da istədiyi an çəkməyi öyrənə bilər? Siz necə düşünürsünüz? Bu fitridir, yoxsa, hər kəsin bacara biləcəyi bir iş?
- Əgər bir insan öz üzərində həvəs və məsuliyyətlə işləyərsə, bir çox nəaliyyətlər əldə edə bilər. Rəssamlığın qanuna uyğunluqlarını, rənglərin ahəngini, xarakterini və s. dərindən öyrənən şəxs, gözəl rəsm əsərləri nümayiş etdirə bilər. Lakin fitri istedadın mühüm rolu olur və seçilir. 

- Adətən, xanım rəssamlar cəmiyyəti, ailəni və sairə amilləri nəzərə alaraq nude art rəsmlərə üstünlük vermirlər. Sənət isə elə bir şeydir ki, bu qadağalardan qaçmaq lazımdır. İşlərinizdə hansı yeri tutur nude işlər? Ümumiyyətlə, məşğul olursunuzmu nude əsərlər üzərində? Yaxud da, məsələn, çılpaq bir kişinin portretini qarşı-qarşıya oturub çəkməz sizə problemdirmi, özünüzə qadağalarınız varmı bu baxımdan?
- Bu sənətdir və belə qadağalarım yoxdur. Lakin bu tipdə rəsmlər işləməmişəm. Mən daha çox kitç xarakteri daşıyan heykəllər üzərində işləyirəm. 

- Zərurət yaransa işləyərsiniz? Heç sifarişlər almamısınız? Yoxsa, diqqət dairəniz deyil deyə imtina etmisiniz?
- Diqqət dairəmdə deyil, sifarişlərim olmayıb, olsa da qəbul edəcəyimi sanmıram.

- Azərbaycan Rəssamlar İttifaqı ilə əlaqəniz varmı? Ümumi münasibətiniz necədir bu qurumun fəaliyyətinə bir rəssam kimi? 
- Çoxdandır ki, Rəssamlar İttifaqına üzv olmaq arzusunda idim, lakin bəzi işlərin çoxluğundan bu məsələyə vaxt ayıra bilmirdim. Nəhayət, çox qısa zamanda gənc üzvlərdən olacam.

 - Məsələn, yazıçı-şairlər içində Yazıçılar Birliyindən narazılıqlar var. Amma rəssamlardan demək olar ki, bunu görmək olmur. Qurumun fəaliyyəti yaxşıdır deyə, ya başqa nəsə səbəb var? Nə üçün ora üzv olmaq istəyirsiniz? Məqsədiniz nədir?
- Üzvlərinin yaradıcılıq fəaliyyəti üçün daha əlverişli şərait yaradılır.

- Məsələn, nə edirlər? Nə cəlb edib sizi ora? Ora ilə bağlı nə məqsədiniz, istəyiniz var?
- Rəssamların mənəvi potensialınım açıqlanması, üzə çıxması üçün tədbirlər keçirir, qərarlar qəbul edir və onların aktiv yaradıcı fəaliyyətlərinə yaxından köməklik göstərirlər. Azərbaycan Rəssamlar İttifaqının fəaliyyətində bu gün gələcək perspektiv üçün, böyük məsul işlər durur.

- Azərbaycanda istedadlı gənc rəssamlardan kimləri deyə bilərsiniz ki, hansı ki, onların işlərini hər kəs görməlidir?
- Öz işlərim...

- Bəs, yaşlı nəsilin nümayəndəsi olan rəssamlardan kumiriniz varmı? Xarici də, yerli rəssam da. 
- Vinsent Van Qoq, Albrext Dürer, İsaak Levitan, Tahir Salahov, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə.

- Son olaraq. Sizi bir rəssam olaraq digər rəssamlardan fərqləndirən cəhətlər nədir? Niyə kimsə sərgi istəsə sizin rəsmlərinizə baxmaq istəsin, rəsm istəsə sizdən sifariş versin. Özəlliyiniz nədədir?
- Gördüyüm hər işi sevgi ilə edirəm. Sevgi ilə görülən hər şey gözəldir. Özümü də bu baxımdan çox sevirəm, inkişaf etdirmək üçün əlimdən gələn hər şeyi edirəm. Əsərlərimin sevilməyinin səbəbi isə insanların zövqündən asılıdır. Məsələn, zövqü gözəl olan insanlar mənim tablolarımın önündə durub əsərdən xoş təəssürat almağa çalışır. Əsərin rəssamını tanıyıb, onunla həmsöhbət olmaq və şəkil çəkdirməyə çalışır. Bir sözlə, əl işlərimə baxaraq niyə mən sualına cavab tapmaq olar. 

- Müsahibə üçün təşəkkür edirik.
- Çox sağ olun, mən də təşəkkür edirəm.

Orxan Saffari