Foto 21:51 13.06.2022

"Səyyar qəbul otağı" Lerik rayonunda quruldu (FOTO)

"Lerik çətin relyefdə yerləşir, qış fəsli çox sərt keçir. Xahiş edirik qazlaşdırılmayan kəndlərin mavi yanacaqla təmin olunmasına diqqət ayırın". Bu sözləri Lerik rayonunun Tikəband kənd sakini Ağamoğlan Nəbiyev "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı deyib.

Qaynarinfo xəbər verir ki, rayonun Davradibi kəndində keçirilən görüşdə Veri Əliabadı, Akuşəpeştə, Pirasora, Qələbin və Tikəband kəndlərinin sakinləri qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Vətəndaşlar məişətdə odundan istifadə etdiklərini, bunun da onlara əlavə xərc, həmçinin meşə zolağının qırılması ilə nəticələndiyini bildiriblər.

Daxil olan bütün müraciətlər SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov, Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov və Birliyin digər məsul şəxsləri tərəfindən cavablandırılıb. Birlik rəsmiləri vətəndaşlara qazlaşdırılma işlərinin bütün ölkə ərazisində mərhələli şəkildə həyata keçirildiyi bildirərək, lazımi izahatlar veriblər.