Ölkə 14:08 16.12.2023

Silsilə zəlzələlər Xəzər çimərliklərini yararsız edib - TƏHLÜKƏ

Dekabrın 14-də Xəzər dənizində qısa fasilədən sonra növbəti zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda bildirilib. Məlumata əsasən, zəlzələ Lənkəran, Lerik ərazisində 3 baldan artıq hiss olunub. Yada salaq ki, az öncə dənizin Abşeron yarımadasına aid hissəsində baş vermiş yeraltı təkan Bakıda 5.6 bal gücündə hiss edilmişdi. 

"Hər zəlzələdən sonra Xəzər dənizinin dibinin strukturu dəyişir. Dərələr, çuxurlar, dərin çökəkliklər əmələ gəlir və bu, hər birimiz üçün təhlükə deməkdir, xüsusən də yay aylarında dənizə gedərkən diqqətli olmalıyıq”.

Bunu Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev bildirib.

Onun sözlərinə görə, məhz bu dəyişikliklərin nəticəsi ola bilər ki, son bir neçə ildə yayda dənizdə boğulanların sayı xeyli artıb, çox sayda insan üzgüçülük zonasından cəmi bir metr aralıda boğulma təhlükəsi ilə üzləşib. Alim deyir ki, Xəzərin dibində çoxlu sayda müxtəlif tektonik qırılmalar, mikro və meqabloklar var. "Yəni dənizin dibi mürəkkəb quruluşa malikdir. Bloklarda dəyişikliklər bu ildən başlayıb və 2024-cü ildə də müşahidə olunacaq”, - o əlavə edib.

Ekocoğrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru Ənvər Əliyev isə bildirib ki, zəlzələlərdən sonra dənizin dibində dəyişiklik baş verməsi mümkündür, lakin bununla bağlı elmi tədqiqat aparılmalıdır:

"Xəzərin dibində quruluş dəyişikliyi baş verirsə, yarğanlar, çuxurlar əmələ gəlirsə, bir müddət sonra qum onları doldurur. Yarğanlar, çuxurlar daimi qalmır. Qum dənələri onları doldurur. Ona görə də düşünmürəm ki, dənizdə batanların sayının artması məhz zəlzələdən sonra dənizin dibində baş verən quruluş dəyişikliyidir. Həm də, bu dəyişikliklər baş verirsə də, dənizin dərinliklərində baş verir. Dənizdə çimənlər o hissələrə gedib çıxa bilməz. Zəlzələ dənizin sahilində baş vermir. Dənizin ortasında, sahildən çox-çox uzaq məsafədə - dərinliklərdə olur. Dəniz sahilinə titrəyiş gəlib çatır. Dediyim kimi, bununla bağlı əsaslı tədqiqat aparılmalıdır. Bilmirəm, dənizin dib quruluşunu tədqiq etmək, yarğanları, çuxurları ölçəcək cihazlar bizdə varmı? Bu sahənin mütəxəssisləri dənizin altına enirlər, lakin o qədər də dərinə gedə bilmirlər. 

Ə.Əliyev qeyd edib ki, Abşeron yarımadasının, Xəzər dənizinin seysmik xəritəsi var: "Xəritədə hansı ərazilər daha çox seysmikdir, dəqiq qeyd olunur. Abşeron yarımadasının şimal-şərqində seymoaktivlik  8 ballıq hesablanır. Abşeronda ümumi seysmiklik 7 baldır. Amma məhz şimal-şərq hissə - Quba-Xaçmaz və cənub hissəsi 1 bal artıqdır. 8 ballıqdır.  Dənizin dibinin quruluşu da həmin ərazilərdə dəqiq yoxlanmalıdır. 

Ə.Əliyev bildirib ki, dənizdə batmaq hallarını təkcə yarğanların, çuxurların "boynuna qoymaq” olmaz. İnsanlar da məsuliyyətli olmalı, səhlənkarlıq etməməlidirlər. Fövqəladə Hallar Nazirliyi əgər deyirsə ki, filan hissədə üzməyin, çimməyin, buna əməl edilməlidir. Təhlükə var ki, insanlara xəbərdarlıq edilir. Amma xəbərdarlığa etinasız yanaşanlar olur. Digər tərəfdən dənizdə hətta ən professional üzgüçü də bata bilər. Bu, insanın dənizin hansı hissəsində, sahilə yaxınmı, uzaqmı məsafədə olmasından, üzdüyü zaman nə dərəcədə yorulmasından, həyəcan keçirib-keçirməməsindən də asılıdır".

Ekoloq alim Ənvər Əliyev isə açıqlamasında həmkarı Qulam Babayevin iddialarını gülünc adlandırıb:

"Bu iddialar gülüncdür. Heç kim deyə bilməz ki, zəlzələdən sonra Xəzərin dibində harada çökəklik, çuxur əməl gəlib. Bu fikirləri səsləndirən həmin yeri də dəqiqliyi ilə deməli, faktlar göstərməlidir. 

Əvvəla, Abşeron yarımadasının şimal-şərqində seymoaktivlik  8 ballıq hesablanır. Abşeronda ümumi seysmiklik 7 baldır. Amma şimal-şərq hissə - Quba-Xaçmaz və cənub hissəsi 1 bal artıqdır, yəni, 8 baldır. Orada olan 6,5 zəlzələ heç vaxt Yerdə çat əməl gətirə bilməz. Yalnız ən ağır, məsələn 10 ballıq zəlzələlər Yerin qabığında çatlar əmələ gətirə bilirlər. Yəni, qeyd olunan zəlzələ çökəklik, çuxur əmələ gətirə bilməz, elə bir şey mümkün deyil".

Qeyd edək ki, son günlər Xəzər dənizində tez-tez zəlzələlər baş verir. Sonuncu dəfə dekabrın 14-də Xəzər dənizinin İran hissəsində zəlzələ baş verib. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:00-da qeydə alınan zəlzələnin maqnitudası 4.6-ya bərabər olub. Ocağı 34 kilometr dərinlikdə yerləşən zəlzələ Astara, Lənkəran və Lerik və digər sərhəd rayonlarında 3 baldan çox hiss olunub.

Həmçinin dekabrın 8-də Astara stansiyasından 45 kilometr cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yerli vaxtla saat 21:00-da qeydə alınan zəlzələnin maqnitudası 3,1-ə bərabər olub. Ocağı 11 kilometr dərinlikdə yerləşən yeraltı təkan zəlzələ hiss edilməyib.

İlin əvvəlindən bu vaxta qədər 84 seysmik stansiya vasitəsi ilə Azərbaycan və ona bitişik ərazilərdə 9702, Azərbaycan ərazisində isə 4548 zəlzələ qeydə alınıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsi və RSXM-nin birgə iclasında Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 83 zəlzələ olub. Azərbaycan və ona bitişik ərazilərdə 37 hiss olunan zəlzələ olub. Azərbaycan ərazisində bu il baş verən ən yüksək maqnitudalı zəlzələ Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il və 7 dekabr 2023-cü il tarixlərində Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələlər).

Bəs belə olan təqdirdə, seysmoloqun Xəzərlə bağlı xəbərdarlığı ciddiyə alınacaqmı? FHN tərəfindən gələn yaya qədər çimərliklərin yenidən monitorinqi aparılacaqmı? 

Məsələ ilə bağlı FHN-dən mövqe öyrənməyə çalışdıq. Qurumdan bildirildi ki, geoloqlar Xəzərin dibində baş verən dəyişiklikləri qeydə alıb, araşdırmalar aparıb, çimərliklərlə bağlı  yenidən monitorinq aparılması haqda göstəriş verərsə, ona uyğun təhlükəsizlik tədbirləri görüləcək. 

Mənbə: "Yeni Müsavat”