Siyasət 12:48 30.01.2023

Sisinin Cənubi Qafqaz səfəri: Misir lideri kimin mesajını gətirib? - Ekspert

"Misir liderinin Bakı ilə yanaşı, İrəvana da səfər etməsi göstərir ki, bu ərəb ölkəsi Cənubi Qafqazda regional anlamda bölgə dövlətlərilə münasibətlərə yenidən baxmaq fikrindədir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Misir prezidenti Əbdülfəttah Əs-Sisinin Bakının ardınca Ermənsitana səfər etməsinin nəyə hesablandığını şərh edərkən deyib. Ekspertin fikrincə, Azərbaycanla əməkdaşlıq etmək təklifləri böyük ehtimalla, Misirə Qərbdən verilib:

"Nəzərə alaq ki, Ermənistandakı Paşinyan iqtidari Qərbyönümlü mesajlar verir. Sisi də məhz ABŞ-ın Misir hadisələrinə müdaxiləsi nəticəsində Qərbin dəstəyilə hakimiyyətə gəlib. Bu amilin özü də Qahirənin İrəvana münasibətlərinə müəyyən mənada öz təsirini göstərə bilər. Yəni, Qərbin Misirin siyasi dairələrinə təsiri görünür. 

Qahirənin İrəvanla yeni geosiyasi reallıqlar kontekstində qurmaq istədiyi əlaqələr də Qərbin planından xəbər verir. Ona görə istisna deyil ki, Misirə İrəvanla əlaqələrin qurulması mesajları da Qərbdəki bəlli dairələr tərəfindən verilib. Azərbaycanla əməkdaşlıq etmək təklifləri də böyük ehtimalla, Misirə Qərbdən verilib. Amma bütün hallarda Misirin Cənubi Qafqazın real güc mərkəzi olan Azərbaycanla münasibətlərə daha böyük önəm verəcəyi birmənalıdır”. 

Həmsöhbətimizin fikrincə, Sisinin Bakı səfəri iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafına təkan verəcək:

"Misir iqtisadi potensialı, beynəlxalq nüfuzu və hərbi qüdrətinə görə ərəb dünyasının ən böyük dövlətlərindən biridir. Mübarəkin hakimiyyətdən kənarlaşdırılmasından sonra Misirin Qərblə münasibətlərə daha böyük önəm verdiyini nəzərə alsaq, həmin tendensiyanın Qahirənin digər dövlətlərə münasibətlərinə də təsir etdiyini görürük. 

Misirlə Azərbaycan arasında münasibətlərin özünəməxsus tarixi var. Qairə Azərbaycanın müstəqilliyini tanıyan ilk "20-lik"də olan dövlətdir. Bakı və Qahirə bir sıra mötəbər təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq edirlər. Bütün bu illər ərzində iki ölkə arasında ticari iqtisadi münasibətlərin dövriyyəsi də durmadan artır. 

Sonuncu görüş də göstərir ki, hər iki dövlət bu münasibətləri yeni dövrün qlobal çağırışlarına uyğun olaraq daha fərqli müstəviyə gətirmək imkanlarına malikdirlər. Misir bu dövr ərzində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkə olub. Bu mənada Misir prezidentinin Azərbaycan lideri ilə görüşü zamanı İranda səfirliyimizə edilən məlum hücumla əlaqədar başsağlığı verməsi də göstərir ki, əslində Qahirənin adekvat mövqeyi həmin ölkənin Bakı ilə münasibətlərə önəm verməsi kontekstində qiymətləndirilməlidir”. 

Rüfət Sultan