Siyasət 17:05 14.06.2022

Stoltenberqin fikirləri önəmli deyil, əsas olan odur ki... – Tofiq Zülfüqarov

İsveçdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq bildirib ki, Stokholm özünün NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin irəli sür düyü tələbləri yerinə yetirmək istiqamətində mühüm addımlar atıb. "İsveç artıq anti-terror qanunvericiliyini dəyişdirməyə başlayır. Ölkə silah ixracı ilə bağlı qanuna da dəyişikliklər edəcək. Bu addımları alqışlayıram”, - Stoltenberq mətbuat konfransında deyib. 

Baş katib bu iki mühum addımın Türkiyənin narahatlıqlarını aradan qaldırmaq üçün atıldığını bildirib. İsveçin baş naziri Andersson ölkəsinin terrorla mübarizə qanunlarını dəyişdiyini və onların daha da sərtləşmə prosesində olduğunu bildirib: "İyulun 1-dən biz də terrorla mübarizə istiqamətində daha güclü qanunvericiliyə malik olacağıq”. 

Proses onu deməyə əsas verir ki, İsveç və ola bilsin onun ardınca Finlandiya da Ankaranın tələblərinə uyğun olaraq addım atacaq. Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində qaldırdığı terrorizmlə mübarizə məsələsi qurum daxilində də geniş rezonans doğurub. NATO baş katibinin bununla bağlı verdiyi açıqlamalar belə deməyə əsas verir ki, Şimali Avroatlantika bloku Türkiyənin haqlı olduğunu təsdiqləyib. Belə olan halda, sözügedən qurumda yer almaq üçün İsveç və Finlandiyanın Türkiyənin haqlı tələblərini yerinə yetirməkdən başqa digər yolu qalmır. Bu fonda Ankara İsveç və Finlandiyanın istəyinə artıq yaşıl işıq yandıra bilərmi? 

Məsələ barədə Qaynarinfo-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu istiqamətdə vəziyyətin heç də birmənalı olmadığını düşünür. Onun fikrincə, NATO baş katibinin bəyanatı daha çox siyasi iradəni əks etdirir, reallığı yox: "Türkiyənin siyasi ritorikasını təhlil etsək görərik ki, bir-iki məsələnin həlli ümumi problemin həll olunması demək deyil. Bu baxımdan, NATO baş katibinin İsveçin Türkiyənin tələbləri fonunda atdığı addımları qiymətləndirməsi burada əsas məsələ deyil. Əsas odur ki, onu Türkiyə tərəfi əsaslı addımlar kimi qəbul etsin. Bundan qabaq Yunanıstanın NATO-ya qəbulu ilə bağlı Türkiyənin verdiyi razılıq heç də həmin istiqamətdə mövcud olan problemləri həll etmədi. Ona görə hesab edirəm ki, Türkiyə hələlik öz mövqeyində qalmaqda davam edəcək. Bir çoxları bunu başa düşür. Artıq Finlandiya baş naziri və prezidenti də bəyan edib ki, üzvlük məsələsində qısa zamanda qərar olmasa, Helsinski məsələdən vaz keçəcək”. 

Rüfət Sultan