Siyasət 12:36 15.05.2023

“Sülhə daha yaxın məsafədəyik” - Politoloq

"Proses asta getsə də, hər halda irəliləyişlər, müəyyən nəticələr var. Bu nəticələrlə son sülh müqaviləsinə doğru addımlamaq mümkündür”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında keçirilən görüşü şərh edərkən deyib.

Ekspertin fikrincə, Brüssel danışıqlarda müəyyən irəliləyişlər olub:


 
"Brüssel görüşü ümidləri tam doğrultmadı. Lakin danışıqlarda müəyyən irəliləyişlərin olduğunu da görməmək mümkün deyil. Tərəflər bir-birinin Sovet dönəmində Alma-Atada təsdiqlənmiş ərazi bütövlüyünü və bu əsasda hər iki tərəfin öz ərazilərinin nə qədər olması barədə Sovet dövründən mövcud olan rəqəmləri təsdiqləyiblər. Yəni, dövlətimizin 86,6 min kv.km-lik ərazisi, Qarabağın dağlıq hissəsindəki ermənilər yaşayan hissə də daxil olmaqla, Azərbaycana aid edilib. Bu düzən üzərində sərhədlərin delimitasiyası məsələsi gündəmə gətirilib. 

Yaranmış işçi qrupun fəaliyyətinin yeniləndirilməsinə qərar verildi. Bu o deməkdir ki, köhnə inzibati sərhədlər indiki müstəqil dövlətlərin sərhədinə çevriləcək. Sərhəd dirəkləri basdırılandan sonra, Laçın yolundakı sərhəd-buraxılış məntəqələrinin statusu da avtomatik olaraq təsdiqlənəcək. 

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı məsələnin beynəlxalq məsələhətləşmələr yolu ilə həlli irəli sürülür. Azərbaycan bunu qəbul etmir və bildirir ki, həmin məsələ daxili işimizdir. Hər halda görüş irəliləyişlərin olması ilə yadda qaldı. Ardınca Brüssel görüşünün iyulda davam etdirilməsi, daha sonra isə İspaniyanın Qranada şəhərində yeni variantının olacağı da razılaşdırıldı”.
 
Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənsitan baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutub. 

Rüfət Sultan