Dünya 17:46 02.12.2022

Sünni imamcümə İran hökumətinə çağırış: “Qanunları dəyişin”

İranın Sistan və Bəlucistan vilayətinin inzibati mərkəzi Zahedan şəhərinin sünni imamcüməsi Mövləvi Əbdül Həmid növbəti dəfə İran hakimiyyətinə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, Mövləvi Əbdül Həmid hakimiyyəti aksiyalarda zorakılığa son qoymağa çağırıb. O, bildirib ki, etnik və dini nəbsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquqları təmin olunmalı, onların etirazlarına laqeyd yanaşılmamlıdır. 

O, fikirlərini əsaslandırmaq üçün şiələrin birinci imamı, 4-cü raşidi xəlifəsi (haqq xəlifəsi) Həzrəti Əli ibn Əbu Talibdən nümunə gətirib. 

"Biz hamımız iranlıyıq və birik. Zərdüştilərdən dərvişlərə qədər, bütün din və məzhəblərin təmsilçiləri, hətta bəhailər də insan və iranlıdırlar. Onların da hüquqları var və buna hörmət edilməlidir”, deyə imamcümə vurğulayıb.

Mövləvi Əhdül Həmid aksiyaları zorakılıqla dağıdan güc strukturlarının nümayəndələrinə, həmçinin hakimlərə haqqı nahaqqa çevirməməyi məsləhət görərək əlavə edib ki, onlar Qiyamət günündə Allahın hüzurunda qınanmamaları üçün insanları öldürməkdən, günahsız yerə həbs etməkdən çəkinməlidirlər. 

İmamcümə hakimiyyəti müxaliflərlə və etirazçılarla məsləhətləşməyə çağırıb. O, əlavə edib ki, xalq 44 il ədalətsizliyə dözüb, indi dözmək istəmir. 

Mövləvi Əbdül Həmid tənqidin qarşısının alınmasını doğru hesab etmir: "Tənqidin qarşısının alınması tiraniya yaradır”.

O sonda bildirib ki, İranda qanunlara yenidən baxılmalı və xalqın iradəsinə uyğun dəyişdirilməlidir.

Seyid