Dünya 17:07 30.07.2023

Taliban Heratda musiqi alətlərini yandırdı: "Din qadağan edir"

Əfqanıstanın qərbindəki Herat əyalətində İslami İrşad, Əmr və Qüsurlu Qadağalar Nazirliyinin yerli bölməsi musiqi alətlərini yandırıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər veirr ki, buna səbəb "alətlərinin satışının və istifadəsinin din tərəfindən qadağan olunması" göstərilib.

"İslami İrşad, Əmr və Qüsurlu Qadağalar Nazirliyinin rəsmi nümayəndələri musiqi alətlərinin satışının və istifadəsinin din tərəfindən qadağan olunduğunu bəyan edir", deyə bu barədə məlumat verən mənbələrdən biri bildirib.

O əlavə edib ki, musiqi alətləri satan şəxslər hüquqi nəticələrlə üzləşirlər.

İyulun əvvəlində "Ariana News" xəbər vermişdi ki, Taliban Əfqanıstanda bir neçə ay ərzində toplanmış musiqi alətlərini məhv edib. Qeyd edilib ki, nazirlik musiqi alətlərinin "gəncləri yanlış yola saldığını” bildirib.

Bundan əvvəl Taliban avtomobillərə musiqi səsləndirilməsini və hicabsız qadınların daşınmasını qadağan edib. Onlar həmçinin Qəndəhar vilayətində televiziya və radio stansiyalarında musiqi əsərlərini və qadın səslərini qadağan edib, həmçinin dövlət qulluğunda işləmək üçün kişilərin saqqal saxlamasını məcburi ediblər.

2021-ci il avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini bəyan edib. 

Əfqanıstanın o zamankı prezidenti Əşrəf Qani ölkədən qaçıb. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub. Sentyabrın əvvəlində ilk Taliban hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.

Aydın