İdman 10:54 03.08.2022

Tanınmış menecer: "Keçən il mənə yalvarırdılar ki, Kadiyə 6 min dollara klub tapım..." (MÜSAHİBƏ)

Hər il olduğu kimi bu yay da klublarımız heyətlərini yeni transferlərlə gücləndirdilər. Xüsusən də avrokuboklarda ölkəmizi təmsil edən komandaların həyata keçirdiyi transferlərin nə dərəcədə faydalı olacağı maraqlıdır. Digər tərəfdən yerli futbolçuların ölkə xaricinə çıxarılması prosesi də çox zəif aparılır. Demək olar, bu mənada menecerlərin işi gözə dəymir. 

Azərbaycanın tanınmış menecerlərindən olan Erkin İbrahimov Qaynarinfo-ya müsahibəsində həm klublarımızın yay transferlərini dəyərləndirib, həm də yerli futbolçuların xaricdə yaranan problemləriylə bağlı fikirlərini bölüşüb. 

- Bu yay klublarımızın həyata keçirdiyi transferlərini necə dəyərləndirirsiniz?

- Həmişəki kimi daha çox avrokuboklarda bizi təmsil edən klublara diqqət yetiririk. Çünki onlar göz qabağındadır, rəsmi oyunlarda görürük. "Qarabağ”dan başlasaq, yeni gələnlər yaxşı təsir bağışlayır. "Neftçi” haqda nəsə demək çox çətindir. Fərqli oynayırlar. Görünən odur ki, müdafiədə problemlər düzəlməkdənsə artıb. Kverkvelia ağır müdafiəçidir. Zaman verilsə də, verilməsə də, onun tipi elədir. Cavanlıqda da o cür futbolçu olub. Bu mənada çox böyük problem yaşayacaqlar. Mərkəz xətdə yer alan Ata Caber də formada deyil. Ancaq yekun qərar vermək tezdir. "Zirə” sirli qutu olaraq qalır. Sanki avrokuboklarda güclü rəqib düşdüyü üçün bilərəkdən transferlər etmədilər. Adamda belə bir təəssürat yaranır. "Makkabi”ni keçmək çox çətin idi. Bəlkə də irəli düşəcəklər. Çünki məsələn, iyulda futbolçu 10 manat istəyirsə, avqustda 5 manata razılaşır. Əminəm ki, rəhbərliyin bildiyi nəsə var. "Qəbələ” öz ampluasındadır, orta büdcə ilə normal futbolçuları gətirirlər. Baş məşqçi işini bilir. Normal komanda quracaqlar. Ən azı, keçənilkilərdən zəif olmayacaq. Çünki əsas futbolçuları saxlayıblar. Məsələ kimin gəlməsi deyil, getməsidir. Ruanı, Rafaeli, digər əsas futbolçuları saxlayıblar. Bu da istənilən klub üçün uğurdur. 

- Digər klublarımızla maraqlanırsınız?

- Maraqlanıram, bəzilərinin transfer məsələlərində iştirak edirəm. Sənə kim dəyər verirsə, onunla çalışacaqsan. Çünki iş deyil, ümumiyyətlə, Azərbaycanda menecer yoxdur. Menecer Serbiyada, Portuqaliyada və sair ölkələrdə olur, hansı ki, futbolçu idxal edirlər. Futbolçu ilə 10-12 yaşından əməkdaşlıq edirsən. Mən bunu nə iş, nə sənət sayıram. Azərbaycanda kimlə münasibətin varsa, onunla çalışırsan. "Sumqayıt”la uzun illərə söykənən münasibətlərimiz var. Həmişə zəng vurub məsləhət istəyirlər. "Turan Tovuz”dan maraqlanırlar, bəzən Rəşad Sadıqov da zəng vurur. Balkan ölkələrindən kim futbolçu almaq istəyirsə, əlaqə saxlayırlar, hansısa oyunçunu tanıyıb-tanımadığımı soruşurlar. Təəssüflər olsun ki, bəzi klublar məndən məlumat alıb, öz adamları vasitəsilə ondan istifadə edirlər. Təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, hər şeyi, kimin niyyətinin nə olduğunu görürsən. Elə klublar var ki, orada aparılan işlər çox böyük narahatlıq doğurur. Böyük "zəlzələlər” olsa da, nəticə çıxarmırlar. Həyatdır, hərəyə bir mövqe verilir. Kimisi həm CV-si, həm futbolun xeyrinə bundan istifadə edir. Elələri də var ki, mövqelərindən öz ciblərini doldurmaq üçün yararlanır. 

- Bu yay həyata keçirilən transferlərdən hansını uğurlu hesab etmək olar? Söhbət ümumi klubların transferlərindən gedir.

- Yaxşı sualdır. Açığı hələ də Azərbaycanda çox yaxşı işlərlə yadda qalacaq futbolçu görmürəm. Ötən il görünüdü ki, İsnik Alimi ilə Ruan "Qəbələ”nin səviyyəsindən bir pillə üstün olan futbolçulardır. Ciddi seleksiya aparılıb. "Sumqayıt”a gətirdiyim Serbiya U-21 millisinin üzvü Damian Daniçiç ad olaraq çox gur səslənir. Çünki millinin əsas oyunçusdur. Bilirsiniz, nəsə demək çətindir. Keçən il "Qarabağ” Kadini əvəzedici kimi gətirmişdi. Əsas futbolçu kimi isə Qaspar Panadero nəzərdə tutulmuşdu. Bir aydan sonra bəlli oldu ki, Kadi hara, Qaspar hara. Keçən il mənə yalvarırdılar ki, Kadiyə 6 min dollara klub tapın, komandası aşağı liqaya düşüb. Bu mesajlar hələ də votsapımda qalır. Azərbaycan futbolunda əvvəlcədən kimin uğurlu olacağını demək çətindir. Market çox sıxdır. Ümumiyyətlə, futbol dünyası çox kiçikdir. Demək olar, eyni futbolçular gətirilir. Ona görə də deyirəm ki, ölkədə menecer yoxdur. Mənim üstünlüyüm ondadır ki, serb dilini yaxşı bilirəm. Yenə də nəticə belədir ki, məsələn, "Neftçi”yə gələn futbolçuları mənə, "Zirə”yə, bəlkə "Səbail”ə də təklif edirlər. Eyni oyunçulardır. Hamısından xəbərim var. "Neftçi”nin transfer etdiyi futbolçular ekstraordinar deyil, qeyri-adi heç nə görmürəm. Bəlkə də fiaskoya səbəb olmayacaqlar. Amma aydın məsələdir, "Qarabağ”la ayaqlaşmaq çox çətindir. "Sabah” gur transfer kampaniyası həyata keçirir. Buna baxmayaraq, proqnoz vermək çətindir. Dünya futbolunda da görmüşük, klublar yaxşı transferlər həyata keçirir, amma nəticə olmur. "Sabah” nəticə qazanmalıdır. Klubun rəhbərliyinə simpatiyam var. Uşaq futbolunu çox yaxşı inkişaf etdirirlər, gözəl niyyətləri var. Adam istəyir ki, onlarda hər şey yaxşı alınsın.

- Klublarımız ən çox hansı bazara üstünlük verir və nə üçün?

- Bu il daha çox İsrail çempionatına müraciət ediblər. Bəlkə də bunun səbəbi odur ki, daim İsrail klublarına uduzuruq. Elə olub ki, İsrail çempionatından futbolçuları Azərbaycana, məsələn, "Sabah”a aylıq 4000 və ya 6000 dollar məvacib qarşılığında gətirmişəm. O demək deyil ki, İsrail çempionatında oynayan futbolçu mütləq güclüdür. Onlarda da futbolçudan-futbolçuya fərq var. Hamısı güclü olsaydı, elə "Çelsi”, "Arsenal” kimi klublar oraya müraciət edərdilər. Bizim də öz səviyyəmiz var. Ancaq bu il daha çox İsrail futboluna müraciət etmələri mənə qəribə gəldi. Türkiyə, məsələn, "Fənərbağça” kimə uduzursa, səhər gedib həmin klubdan futbolçu alır. Biz də İsrail klublarına daim uduzmuşuq. Bizim klub rəhbərləri özlərinə sual verməlidirlər ki, bəlkə oradakı həmkarları daha ağıllı işləyirlər. Yəni, deməyim odur ki, oradan futbolçu almaqla deyil. 

- Bu yayın ən bahalı transferi hansıdır?

- Bu və ya ötən yaya, ümumiyyətlə son 7-8 ilə nəzər salsaq, ən bahalılar "Qarabağ”ın transferləridir. Çünki böyük büdcəyə sahibdirlər. Bildiyimə görə, Yankoviç üçün çox pul xərcləyiblər. Lakin bunu nə "Qarabağ”, nə də İsrail tərəfi açıqlayar. Hər halda "Qarabağ”ın büdcəsi buna imkan verir və etməlidir. Etməsə klubun üstünə düşərik ki, bu qədər pul qazanırsınız, xərcləyin. Yəqin ki, təxminən 400-500 min pul xərcləyiblər. 

- Müşahidələrinizə görə, necə düşünürsünüz, futbolçu o qiymətə dəyir?

- Azərbaycana hər futbolçu gəlmir. İkincisi, yəqin ki, "Makkabi” də ona pul ödəmişdi. "Qarabağ”ın da adı var. Son illər büdcəsinin necə olmasını araşdırırlar. Komanda uğurlu çıxış edir, deməli, pulları var. Bəlkə "Sabah” müraciət etsəydi, ayrı qiymət deyərdilər. Satan tərəf belə məsələlərə diqqət yetirir. O qiymətə anlaşıblarsa, deməli, iki tərəfi də qane edir. Kadi səviyyəsində futbolçu tapmaq beş ildən bir baş verir. 

- Ümumiyyətlə, transfer bazarında hazırkı vəziyyət necədir? Futbolçuların qiymətlərində hansısa dəyişikliklər müşahidə olunur?

- Avropada artıq karonavirus bitib, əvvəlki kimi böhran deyil. Məsələn, Macarıstanla ayaqlaşa bilmirik. Bu il klublarımızın birinə 200 min dollara çox yaxşı futbolçu təklif etmişdim. Hər iki tərəf də bu qiymətə razılaşmışdı. Ancaq futbolçu sonradan fikrini dəyişdi və 40 min dollar az məbləğ qarşılığında Macarıstana getdi. Çünki Macarıstan çempionatı daha üstündür. Azərbaycanda Premyer Liqa, demək olar, azarkeşsiz keçirilir. Maraq azdır, reklam istənilən səviyyədə deyil. Hələ Polşanı demirəm. Bu ölkənin ortabab klubları futbolçulara təxminən "Qarabağ” qədər pullar ödəyir. Belədə sən onu gətirmək üçün ikiqat pul ödəməlisən. Çünki Azərbaycan Avropanın mərkəzində, çempionatı isə prestijli deyil. Buradan daha yaxşı yerlərə getmək də çətindir. İstər Rumıniya, istər Macarıstan çempionatındakı klublar kifayət qədər pul təklif edirlər. Futbolçu da baxır ki, 40 min az qazanacaq, amma Avropada daim diqqət mərkəzində olacaq. Deməli, sən 200 min deyil, 300 minə yaxın pul verməlisən ki, gəlsin. Əminəm ki, klublarımız bu məsələlərə görə çox vaxt istədiyi futbolçuları gətirə bilmirlər. 

- Bu yay klublarımıza neçə futbolçu gətirmisiniz?
 


- Tam açıqlamaq istəmirəm. Elə məqamlar var ki, bəzən kimlərəsə kömək edirəm. Həm klub da açıqlamaq istəmir. Burada belədir ki, kim şəffaf olacaqsa, onunla çalışacaqsan. "Səbail”ə Emil Martinovu gətirmişəm. Onu mənsiz də tanıyırlar, çünki vaxtilə bu klubda oynayıb. Sadəcə, futbolçu mənimlə işləyir. "Turan Tovuz”la çalışmaq da asandır. Amma, Tovuza heç allahın moldovalısı, gürcüsü gəlmir. Mən şoka düşürəm, çünki moldovalılar, gürcülər hər yerə gedir. Nədənsə, Tovuza gəlmir. Araşdırırlar, baxırlar ki, kənd kimi yerdir. Bakı deyil, ailə ilə yaşamaq çətindir. Mol, restoran yoxdur, ona görə də gəlmirlər. Ayxan Abbasov nə qədər bacarıqlı məşqçi olsa da, "Turan Tovuz” problem yaşayacaq. Hələ üç futbolçu mən təklif etmişdim, bəlkə də belələrinin sayı 33-dür. "Kəpəz”lə o qədər maraqlanmıram, kənardan baxıram. Bir dəfə Yaşar Vahabzadə ilə danışdım. Yəni, baxıram, klubun gələcəyi ilə bağlı pozitiv heç nə görmürəm. Bunu sizə əslən gəncəli olan biri kimi deyirəm (gülür).

- Maraqlıdır, büdcəsi təsdiqlənməyən klub legioneri necə alır?

- Bilirsiniz, biz addım atanda cibimizdə nə qədər pul olduğunu düşünürük. Çox güman, onlara büdcə olacağı qeyri-rəsmi formada deyilib. Yoxsa özbaşına kiminləsə müqavilə bağlamazlar. Məncə, əvvəlcədən hamısı bilirlər ki, büdcə nə qədər olacaq. Siz "Kəpəz”i dediniz, hansı ki, bu klubda yaxın keçmişdə çox böyük problemlər, qalmaqallar yaşanıb. Sadəcə, sual çıxır ki, büdcə necə xərclənəcək, nəzarət hansı şəkildə olacaq? Bu sualların cavabı məndə yoxdur. 

- Qarşıdakı günlərdə klublarımızdan "transfer bombası” gözlənilir?

- Ad olaraq deyirsinizsə, yəqin ki, xeyr. Bəlkə "Qarabağ”da ola bilər. Ancaq Qurban Qurbanov ada heç vaxt fikir vermir. "Sabah” Vaqner Lavı gətirməli idi, alınmadı. Məncə, belə yaxşıdır. Çünki "transfer bombası” adı ilə gətirilən futbolçuların heç biri Azərbaycan futboluna fayda verməyib. Ada aldanmaq lazım deyil, bildikləri kimi etsinlər. Belə futbolçulardan gözləntilər böyük olur, alınmayanda, sponsor küsür, məşqçinin "kreslosu” silkələnir. Məncə, olmasa yaxşıdır (gülür). İstənilən klub adları nəzərdən keçirir. Lavın 39 yaşı var. Əminəm ki, beş il əvvəl də təkliflər vardı, ancaq o buna yaxın durmurdu. Belə transferin müsbət cəhəti odur ki, klub üçün reklamdır. Sosial şəbəkələrdə "like”lər yığırsan. Alınmayanda isə bu transfer klubun burnundan gələ bilər. 

- Yerli futbolçuların kənara çıxarılması baxımından işlər hələ də zəif gedir. Yenə ənənəvi səbəblərlə bağlıdır?

- Mənə də qəribə gəlir. Artıq Azərbaycan çempionatında gənc futbolçularla bağlı limit aradan qaldırılıb. Düşünürdüm ki, gənclər Azərbaycandan kənara çıxmağa can atacaqlar. Mən bu işlərdən yorulmuşam. AFFA gənc futbolçulara logistika baxımından hər cür şərait yaradır. Yəni, bilet və sair məsələlərdə yardımçı olur. Mən də boş-boş, quru-quru nəsə edirəm. İnanın ki, neçə futbolçu aparmışam, heç birindən qazanc əldə etməmişəm. Əlavə xərclərdən, başağrısından başqa bir şey deyil. Bunun üçün hansısa mərkəzləşdirilmiş proqram olmalıdır. Dövlətin, AFFA-nın imkanları var. Biz fərd olaraq bu işi görürük. Amma inanın ki, Azərbaycanlı futbolçu Avropaya məhsul olaraq maraqlı deyil. U-21 millimizin əsas üzvləri, məsələn, heç Latviyanın aparıcı klubları üçün maraqlı deyil. Bu, o deməkdir ki, Azərbaycanda futbolun "piramidasında” problemlər var. Necə ola bilər axı? Yadımdadır, əvvəllər U-21-də Zaur Tağızadə kimi elə futbolçular vardı ki, onlar nəinki Latviyada, hətta Çexiya, Polşa kimi ölkələrdə rahat oynayardılar. Ümumi futbolun səviyyəsi aşağı düşüb. Hə, tanışlıq vasitəsilə kimisə harasa göndərmək kimi pərakəndə iş də olmur. AFFA tərəfindən proqram qəbul edilməli, ilboyu bu istiqamətdə işlər görülməlidir. İdman direktorları təyin edilməli, U-21-in oyunlarına göndərilməlidir. İnsanları oyunlara dəvət etmək lazımdır. İldə bir-iki dəfə uğurlu oyunlar keçiririk. Yəni, futbolçularımızın xaricdə oynamağa can atdığını görmürəm. Xüsusən də Azərbaycanda işləri yaxşı gedən futbolçularda bunu müşahidə edirəm. U-19-un, U-21-in durumuna baxanda adam xəcalət çəkir. 10 il əvvəl gənc futbolçularımız hətta, "Neftçi”nin heyətində, Avropa Liqasının qrupunda çıxış edirdi. İndi səviyyə çox düşüb. 

- Mahir Emrelinin "Dinamo”ya keçidindən sonra xarici ölkələrin Azərbaycan futbolçularına marağı artıb?

- Corc Vea "Milan”da oynayırdı, hansı ki, 1995-ci ildə "Qızıl top”u qazanmışdı. Ondan sonra hansısa liberiyalı futbolçu Avropada oynamadı. Mahir də istisnadır. 10 ildən bir belə şeylər olur. Bu, o demək deyil ki, təkcə Mahirə görə kimsə maraq dairəsində olacaq. 

Səbuhi Həsənov