Ölkə 16:33 01.05.2023

TƏBİB-in Nizamnaməsi təsdiqləndi - nizamnamə fondu 100 000 manat olacaq

Prezident İlham Əliyev "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Qaynarinfo xəbər verir ki, Fərmana əsasən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə bu qurumun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək tapşırılıb.

Nizamnaməyə əsasən, TƏBİB-in nizamnamə fondunun məbləği 100 000 manat məbləğində müəyyənləşib.

Sənədə əsasən TƏBİB-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən və icbari tibbi sığorta fondundan ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

TƏBİB öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. TƏBİB balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.