"Azərbaycanda şagird və tələbələrin ictimai nəqliyyatdan istifadəsi ilə bağlı məsələ həm sosial, həm də iqtisadi baxımdan ciddi təhlil tələb edir. Hazırda Bakı şəhərində gediş haqqı 0,50 manatdır və tələbələr üçün ayrıca güzəştli sistem tətbiq olunmur. Məsələn, 200 gedişin qiyməti 100 manatdır ki, bu da tələbə təqaüdlərinin böyük hissəsini əhatə edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, 2024-cü ildə ölkədə ali təhsil müəssisələrində 170 min, orta ixtisas təhsil müəssisələrində isə 60 minə yaxın tələbə təhsil alır:
"Bu kontingentin böyük hissəsi işləməyən gənclərdən ibarətdir və onlar üçün hər ay 100 manat yol xərci çox ciddi yükdür. Halbuki, orta hesabla tələbələrin aylıq təqaüdü 75–130 manat arasında dəyişir və bəzi tələbələr heç bir təqaüd almadan təhsil alırlar. Hüquqi müstəvidə məsələyə yanaşsaq, "Təhsil haqqında” qanunun 14-cü maddəsində dövlətin tələbələrin sosial müdafiəsini təmin etməsi öhdəliyi vurğulanır. Konstitusiyanın 42-ci maddəsi isə hər kəsin təhsil almaq hüququnu təsbit edir. Təhsil hüququnun reallıqda təmin edilməsi isə yalnız dərsliklərin və sinif otaqlarının mövcudluğu ilə ölçülmür, həm də təhsilə əlçatanlığın maddi təminatı ilə bağlıdır. Yəni tələbənin universitetə və məktəbə rahat və münasib qiymətlə çatma imkanı dövlətin sosial siyasətinin ayrılmaz hissəsidir”.
Kamran Əsədov əlavə edib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində tələbələr üçün nəqliyyat xidmətləri ciddi güzəştlərlə təqdim olunur:
"Türkiyədə 200 gedişlik tələbə kartı 90 lirəyə (təxminən 3 manat 45 qəpik) başa gəlir, limitsiz aylıq kart isə 350 lirədir (14 manat 46 qəpik). Almaniyada "Semesterticket” sistemi ilə tələbələr semestr üzrə cəmi 200–250 avro ödəməklə bütün ictimai nəqliyyatdan limitsiz istifadə edirlər. Fransada tələbələr üçün aylıq nəqliyyat kartı adi vətəndaşdan 2-3 dəfə ucuzdur. Bu ölkələrdə dövlət tələbələrin sosial müdafiəsini təmin etməklə yanaşı, gənclərin təhsilə davamlı iştirakını stimullaşdırır. Azərbaycanda isə tələbələrin yol xərcləri həm onların sosial vəziyyətinə, həm də təhsil motivasiyasına mənfi təsir göstərir. Mənfi tərəf odur ki, hazırkı sistemdə tələbələr nəqliyyat xərclərini qarşılamaqda çətinlik çəkirlər, bu isə dolayısı ilə dərsə davamiyyətə, təhsil keyfiyyətinə və sosial ədalətə mənfi təsir göstərir. Bir ailədə iki və ya daha çox tələbə varsa, yol xərci daha da ağır yükə çevrilir. Bunun nəticəsində bəzi tələbələr ya əlavə iş axtarır, ya da dərslərə davamiyyəti azaldır. Bu, dövlətin investisiya etdiyi təhsil sistemində itkilərə gətirib çıxarır”.
Kamran Əsədovun sözlərinə görə, Elm və Təhsil Nazirliyi son illərdə tələbələrin sosial müdafiəsinə dair bir sıra təşəbbüslər göstərir:
"Təhsil kreditləri, sosial təqaüdlərin artırılması, ailələrin yükünü azaltmaq üçün proqramların hazırlanması müsbət addımlardır. Nazirliyin bu sahədə fəallığı qeyd olunmalıdır, çünki tələbələrin təhsilini davam etdirməsi üçün yalnız tədris mühiti deyil, həm də sosial dəstək vacibdir. Nazirlik nəqliyyatda güzəştli mexanizmin tətbiqi ilə bağlı da müvafiq dövlət qurumları qarşısında təşəbbüs göstərməlidir. Bu, həm sosial dövlət prinsipinə uyğun olar, həm də təhsilin əlçatanlığını təmin edər”.
Ekspert hesab edir ki, əgər Azərbaycanda tələbələr üçün xüsusi güzəştli nəqliyyat kartı tətbiq olunsa, məsələn, 200 gediş üçün 20–25 manat müəyyənləşdirilsə və ya aylıq limitsiz kart 30–35 manat olsa, bu minlərlə tələbə ailəsinin yükünü azaldar:
"Bunun nəticəsində tələbələr artıq yol xərci barədə düşünmədən dərslərinə davam edər, ailələr də təhsil xərclərini daha rahat qarşılaya bilər. Həmçinin bu addım gənclərin sosial ədalət hissini gücləndirər, dövlətin təhsilə verdiyi real dəstəyi göstərər. Nəticə olaraq, Azərbaycanda tələbələrin ictimai nəqliyyatdan istifadəsi üçün güzəştlərin tətbiqi həm sosial dövlət prinsiplərinin, həm də təhsil siyasətinin davamlılığının zəruri şərtidir. Dünya təcrübəsi göstərir ki, belə güzəştlər yalnız maliyyə yükünü azaltmır, həm də gənclərin təhsil motivasiyasını yüksəldir”.
Kamran Əsədovun fikirincə, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə addım atması ölkənin təhsil siyasətinə böyük töhfə olar və dövlətin gənclərə diqqətini praktik müstəviyə keçirər:
"Bu həm sosial məsuliyyətin yerinə yetirilməsi, həm də dövlətin təhsilə verdiyi önəmin bariz nümunəsi kimi qiymətləndirilməlidir”.
Bahar Rüstəmli
Şərhlər