Ekonomiks 16:14 28.10.2022

"Tesla" ilk dəfə Avropanın ən populyar avtomobili oldu

İlon Maska məxsus dünyanın ən bahalı avtomobil şirkəti olan "Tesla”nın avtomobilləri ilk dəfə Avropada ən çox satılan avtomobil olub. 

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, "Model Y" orta ölçülü elektrik krossoveri 29 367 ədədlə sentyabr siyahısına başçılıq edir. Bu da ötən ilin sentyabrından 227% çoxdur.

İkinci yeri daxili yanma mühərrikli subkompakt hetçbek "Peugeot 208", üçüncü yeri isə eyni mühərrikli "Dacia Sandero" tutub.

"Model Y" Tesla-nın ən uğurlu avtomobilidir. Bu il 880.000 ədəd, keçən il isə 906.000 ədəd istehsal edilib. Modelin artan satışları şirkətin Berlində zavod açmaq qərarının nə qədər doğru olduğunu göstərir. Zavod bu ilin mart ayında açılıb və həftədə 2000 avtomobil istehsal edir.

"Model Y"nin Avropada satış qiyməti 42.000 avrodan başlayır.

Nizami Bağırov