Siyasət 21:03 01.09.2022

Tokayev nə üçün prezident seçilmək hüququnun bircə dəfə olmasını təklif edir? (ŞƏRH)

Qazaxıstan yeni siyasi islahatlara doğru gedir. Belə ki, bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev köklü və hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün yeni ictimai etimad mandatı qazanmağın lazım olduğunu deyib.
 
O, bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib:

"Mən səlahiyyət müddətini qısaltmağa və növbədənkənar prezident seçkilərinə getməyə hazıram. Mən də çox düşündüm və belə qənaətə gəldim ki, prezidentlik müddətlərinin sayına və müddətinə yenidən baxmaq lazımdır. Prezidentin mandatının 7 il müddətinə bir dövr ilə məhdudlaşdırılmasını təklif edirəm. Lakin təkrar seçilmək qadağan ediləcək”. 

Görəsən, Qazaxıstanda gözlənilən bu sayaq dəyişikliklər nədən qaynaqlanır?

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edir ki, Qazaxıstanda Prezidentin 7 il müddətinə olmaqla yalnız bir dəfə seçilməsi təklifi ölkənin siyasi sisteminin mövcud şərtlərilə bağlıdır:

"Hazırda Qazaxıstanda dərin islahatlar həyata keçirilir. Bu islahatlar siyasi sistemdən tutmuş, iqtisadi sfera, sosial həyata qədər genişmiqyaslı bir spektri əhatə edir. Bu yaxınlarda Qazaxıstanda referendum keçirildi və yeni Konstitusiya qəbul olundu. Bu Konstitusiyada qazax xalqının gələcəyilə bağlı mühüm hüquqi-siyasi qərarlar qəbul edildi. Qardaş ölkənin cari ilin payızına doğru yeni prezident seçkilərinin keçirilməsilə bağlı səsləndirdiyi fikirlər də məhz ölkədə aparılan dərin islahatların zərurətindən irəli gəlir. Prezident səlahiyyətinin 7 il olmaqla yalnız bir seçim müddətilə məhdudlaşdırılması da, görünür, Qazaxıstanın siyasi sisteminin mövcud şərtlərilə əlaqədardır. Dünya və beynəlxalq münasibətlər sistemində hadisələrin sürətli inkişafı fonunda bəzən hakimiyyətə gələn siyasi komandanın seçicilər qarşısında verdiyi öhdəlikləri yerinə yetirməsi üçün zaman məhdud olur. Bu da seçilmiş ali icra hakimiyyəti orqanının funksionallığının və idarəetmənin keyfiyyətinin yaxşılaşdırılması baxımından da əsaslandırıla bilər. Ona görə düşünürəm ki, bu, Qazaxıstanın özünün siyasi sistemi kontekstində daha aydın izah edilən və başa düşülən hadisədir”. 

Politoloq Taleh Əliyev isə düşünür ki, Tokayevin sözügedən təklifini dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi kontekstindən qiymətləndirmək doğru deyil:

"Bu, sadəcə Tokayevin öz hakimiyyətini möhkəmləndirməyə hesablanmış bir idarəetmə metodudur. 7 il tamam olandan sonra prezidentin bir dəfə deyil, iki və daha çox müddətə yenidən seçilməsi kimi Konstitusiya təşəbbüslərinin meydana çıxacağına heç bir zəmanət yoxdur”. 

Rüfət Sultan