Qazaxıstanda baş tutan prezident seçkilərinin qalibi gözlənildiyi kimi, hazırkı dövlət başçısı Kasım-Comart Tokayev oldu. O, seçiclərin 81 faizinin səsini qazanıb. Qeyd edək ki, Qazaxıstanda Prezidentlik müddəti 7 ildir və heç kim bir dəfədən artıq prezident ola bilməz.
Tokayevin öz prezidentlik müddətini rəsmiləşdirməsindən sonra bu ölkədə nələr dəyişəcək?
Politoloq Tural Rzayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, xarici siyasət sahəsində Tokayev bundan sonra daha sərbəst fəaliyyət göstərəcək:
"Qazaxıstanda hakimiyyət legitimliyilə bağlı ciddi problem yaranmışdı. Bundan əvvəlki dövrdə ölkə rəhbəri faktiki olaraq Nazarbayev idi. Prezident səlahiyyətlərini isə Tokayev icra edirdi. Daha sonra ölkədə bu ilin əvvəlində baş verən iğtişaşlar dönəmində Nazarbayev kultuna son qoyuldu. Onun ölkədəki heykəlləri uçuruldu. Paytaxt Nursultanın adı yenidən Astana oldu. Ölkə Konstitusiyasında Nazarbayevə verilən səlahiyyətlər ləğv edildi. Beləliklə, ölkənin real rəhbəri Tokayev oldu. Ancaq bu məsələ tam olaraq rəsmiləşməmişdi. Artıq keçirilən seçkilə bu da legitimləşdirildi. Tokayev öz legitimliyini təsdiq edəndən sonra xarici siyasətdə daha sərbəst olacaq.
Moskvaya münasibətdə Astana daha özünə əmin şəkildə davrana biləcək. O, həmçinin Qərb, Çin və Rusiya arasında balans siyasəti yürütməyə çalışacaq. Regional gücləri bir-birinə qarşı qoyaraq Tokayev mümkün qədər daha çox müstəqil siyasi xətt yeritməyə çalışacaq. Zəifləyən Putin Rusiyası dövründə belə gedişat tamamilə qanunauyğun görünür”.
Ekspert qeyd edir ki, Tokayev əsas diqqəti daxili siyasətə yönəltməlidir:
"Daxili siyasətə gəldikdə, Tokayev özü ilə bağlı və özündən sonra bəzi yumşaq siqnallar verib. Bu siqnallar iqtisadiyyat, əhalinin güzəranı, neft gəlirlərinin bölüşdürülməsi, uşaq pulu, cəmi bir dönəm prezident olması və s. ilə bağlı idi. Onların hansını yerinə yetirəcəyini zaman göstərəcək. Amma ən azından iqtisadi və sosial yönümdə verdiyi bəzi vədləri yerinə yetirməyə borcludur. Uşaq pulu və neft gəlirlərinin bölüşdürülməsilə bağlı verdiyi vədləri gələn ilin əvvəlinədək həyata keçirməlidir. Tokayev verdiyi vədləri yerinə yetirməsə, bu, prezident kimi onun fəaliyyətinə problemlər yarada bilər”.
Rüfət Sultan
Şərhlər