Dünya 18:53 26.10.2022

Tokayev təhdidlər səbəbindən orduya böyük investisiyaların anonsunu verdi

Qazaxıstan postsovet məkanında Kremlin geosiyasi ambisiyaları siyahısında növbəti olmaqdan ehtiyat edərək orduya və hərbi sənaye kompleksinə investisiyaları kəskin şəkildə artırmağa hazırlaşır.

Qazaxıstan prezidenti Kasım-Comart Tokayev noyabrda keçiriləcək seçki proqramını təqdim edərkən deyib ki, qarşıdakı illərdə "ordunun və bütün güc blokunun hərtərəfli modernləşdirilməsinə” "xüsusi diqqət” veriləcək.

Qaynarinfo "İnterfaks"a istinadən xəbər verir ki, Tokayevin sözlərinə görə, Qazaxıstanın üzləşdiyi xarici çağırışlar "görünməmiş”dir: "Biz dövlətin suverenliyinin və ölkənin bütövlüyünün toxunulmazlığını təmin etməliyik. Bu, bizim keçmiş və gələcək nəsillər qarşısında vəzifəmiz və müqəddəs borcumuzdur”.

Tokayevin sözlərinə görə, planlaşdırılan tədbirlər sırasında ordunun müasir silah və texnika ilə təmin edilməsi, hərbi sənaye kompleksinin inkişafı, ərazi müdafiəsinin gücləndirilməsi, eləcə də hərbi təhsilin keyfiyyətinin və qoşunların ahəngdarlığının yüksəldilməsi daxildir.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Qazaxıstan müdafiə üçün əlavə 441 milyard tenge və ya təxminən 1 milyard dollar ayırmaq qərarına gəlib. Bununla da ölkənin ümumi hərbi büdcəsi (keçən il 1,7 milyard dollar) təxminən 1,5 dəfə artıb.

Qazax rəsmilərindən biri "The Wall Street Journal”a bildirib ki, vəsaitlərin bir hissəsi müdafiə ehtiyatlarını gücləndirmək üçün istifadə edilib. Onun sözlərinə görə, hakimiyyət Rusiyanın Ukraynaya təcavüzündən dərs alıb və ordunu daha mobil və birbaşa döyüş, həmçinin kiberhücumlar, dezinformasiya və seçkilərə müdaxilə daxil ola biləcək "hibrid müharibəyə” hazır vəziyyətə gətirmək üçün islahatlara ehtiyac olduğunu görür. 

Nizami Bağırov