Xəbər lenti

Dünya 16:37 11.07.2025

"Tramp dünyanı xaosa sürükləyir" - Ekspert

"Tramp BCM-in hakimlərinə heç nə edə bilməyəcək. Əksinə, bu gedişlə özünün sonu pis olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) təhdid etməsini şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Tramp bu sayaq açıqlamaları ilə hər baxımdan savadsız olduğunu ortaya qoyur:

"Bununla həm də beynəlxalq aləmdən, beynəlxalq münasibətlərdən xəbərsiz olduğunu göstərir. Beynəlxalq hüququn nə olduğunu bimir. Tramp həm də belə yanaşması ilə zəiflərin qənimi olduğunu nümayiş etdirir. Belə gedişlə Trampın sonu pis olacaq".

Ekspert bildirib ki, ABŞ BCM-nin üzvü də deyil:

"BCM-in hakimləri beynəlxalq miqyasda tanınıb. Tramp bu sayaq açıqlamaları ilə hər baxımdan savadsız olduğunu ortaya qoyur".
 


Zərdüşt Əlizadə bildirib ki, Tramp əlində nüvə silahının və dünyanın ən güclü ordusuna malik olması səbəbindən özünü istədiyini edə bilən vəhşi kimi aparır. Tramp hesab edir ki, dünyanın ağasıdır, amma yanılır:

"Tramp BCM prokurorları və hakimlərinə qarşı uzağı ABŞ-a girişlə bağlı bəzi məhdudiyyət və sanksiyalar tətbiq edə, onların hesablarının qeyri-qanuni dondurulması ilə bağlı göstəriş verə, qurumu maliyyələşdirməyi dayandıracağını bəyan edə bilər".

Bunu isə politoloq Natiq Miri deyir:

"Trampın bu iddiası beynəlxalq hüquqa açıq şəkildə tüpürmək, onun tamamilə dəfn edilməsi deməkdir. Çünki BCM-nin prokurorları sadəcə havadan belə həbs qərarları vermir. Onlar təkzibolunmaz faktlar əsasında order qərarını verirlər. Trampın BCM-nin prokuror və hakimlərinin ABŞ-a gəldiyi təqdirdə, həbs olunmasına göstəriş verməsi özü böyük qanunsuzluqdur".

Ekspertə görə, Tramp bunları etsə belə, onu həyata keçirə bilməyəcək:

"Çünki ona qarşılıq olaraq ABŞ-ın müxtəlif məhkəmə instansiyaları var və onlar da Trampın qərarını dərhal ləğv edəcəklər. Bu dünyanı xaosa sürükləyən amildir".

Qeyd edək ki, Donald Tramp hökuməti rəsmən Beynəlxalq Cinayət Məhkəməsini (BCM) açıq şəkildə təhdid etməkdə davam edir. Belə ki, Tramp BCM-dən İsrailin baş naziri Benyamin Netenyahu haqqında həbs qərarının dəyişdirilməsini tələb edir. Bu edilmədiyi təqdirdə isə ABŞ prezidenti BCM üzvlərinə xəbərdar edib ki, onlar haqqında "bütün seçənəklər masadadır". 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->