Dünya 21:31 16.06.2022

Türkiyə taxıl ixracı ilə bağlı “dördtərəfli görüş”ə ev sahibliyi etməyə hazırdır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Qara dəniz vasitəsilə taxıl ixracını təşkil etmək üçün BMT, Rusiya və Ukrayna ilə dördtərəfli görüş keçirməyə hazırdırlar.

Qaynarinfo bu barədə "TRTWorld"a istinadən xəbər verir.

Milyonlarla ton buğda hazırda ya mühasirədə, ya da Rusiya qüvvələrinin işğalı altında olan Ukrayna limanlarında qapalı vəziyyətdə qalıb və gəmilər mina riski altındadır.

Çavuşoğlu deyib ki, BMT ixracı asanlaşdırmaq üçün bir plan təqdim edib. Plana əsasən, Ukraynadan taxıl ixrac etmək üçün Qara dənizdə təhlükəsiz dəhlizlər yaradıla bilər.

"Minaların yeri aydın olduğu üçün üç limanda təhlükəsiz xətlər yaradılacaq. Beləliklə, gəmilər Ukrayna axtarış-xilasetmə gəmilərinin müşayəti ilə minaları təmizləməyə ehtiyac qalmadan limanlara təhlükəsiz gedə biləcəklər", deyə Çavuşoğlu bildirib.

O əlavə edib ki, Rusiya müsbət cavab verərsə, İstanbulda dördtərəfli görüş keçiriləcək.

BMT Baş katibinin sözçüsü Stiven Düjarrik isə bildirib ki, Ankara bütün dünyada ərzaq qıtlığı perspektivini artıran vəziyyətin həllində mühüm rol oynayır.

Münaqişədən əvvəl Ukrayna buğda, qarğıdalı və günəbaxan yağının əsas ixracatçısı idi. Lakin fevralın sonunda Rusiya qonşusuna hücum etdikdən sonra yüklərin daşınması dayandırılıb və ərzaq qiymətləri artıb.

M.Arif