Türkiyə Ukrayna taxılının ixracı ilə bağlı danışıqlarda uğur qazanmasından danışmağa davam edir. Bu danışıqlar zamanı əməliyyat mərkəzinin yaradılması ilə bağlı konsensus əldə olunub.
Bu barədə Qaynarinfo Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altunun İtaliyanın "İl Messaggero” nəşrinə müsahibəsinə istinadən xəbər
verir.
O, bəyan edib ki, Türkiyə vasitəçi rolunu oynayan tərəflər arasında əlaqə yaratmağa çalışır.
"Biz vasitəçi rolunu öz üzərimizə götürmüşük və təmaslar nəticəsində İstanbulda əməliyyat mərkəzinin yaradılması ilə bağlı konsensus əldə olunub. Ümid edirik ki, taxılla yüklənmiş gəmilər ən qısa zamanda yola düşəcək. Biz, bu prosesin təhlükəsiz şəkildə həyata keçirilməsi və hər hansı qəzanın qarşısının alınmasına böyük əhəmiyyət veririk", - o deyib.
Eyni zamanda Altun qeyd edib ki, Türkiyə rəhbərliyi Ukraynadan taxıl ixracı perspektivlərinə "ehtiyatlı nikbinliklə” baxır.
Xatırladaq ki, bundan əvvəl Türkiyə artıq Ukrayna dəniz limanlarının blokadadan çıxarılması üçün Rusiya ilə uğurlu danışıqlar apardığını bəyan etmişdi.
Lakin Ukrayna xarici işlər nazirliyi buna cavab olaraq bildirmişdi ki, dördtərəfli danışıqların aparılması ilə bağlı hələlik razılıq əldə olunmayıb.
Nizami Bağırov
Şərhlər