"Belə bir görüş təşkil oluna bilər. Təşkil olunarsa, sülhə ciddi töhfə verməklə yanaşı, həm də Türkiyənin Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasının başlanğıcı olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri iyunun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin, iyunun 20-də isə Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyəyə olan səfərləri fonunda Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyilə birgə görüşlərinin keçirilməsi ehtimalını şərh edərkən deyib.
Natiq Miri bildirib ki, Azərbaycan-Ermənistan münasibətləri, sülh prosesi həm də müəyyən mənada İrəvan-Ankara münasibətlərilə də əlaqəlidir:
"Yəni bunlar bir-birini şərtləndirən məqamlardır. Çünki Ermənistan üçün bu gün Türkiyə vaz keçilməz bir ölkədir. İrəvanın Türkiyə ilə sərhədlərinin, kommunikasiyaların açılmasına ehtiyacı var. Bu, Ermənsitanın Qərbə inteqrasiya siyasətinin tərkib hissəsidir. Ancaq bunun olması üçün İrəvan Bakı ilə sülh müqaviləsi imzalamalıdır. Deməli, Ermənistanın Türkiyə ilə münasibətləri müəyyən mənada Azərbaycanla münasibətlərdən keçir".
O baxımdan ekspertin fikrincə, İlham Əliyevlə Nikol Paşinyanın Türkiyədə görüş ehtimalı Ərdoğanın erməni baş nazirilə görüşündən sonra bəlli ola bilər:
"Ermənistanın indiyə qədər söylədiyi nağıllar Azərbaycan üçün keçərli deyil. Ona görə də yeni fikir və konkret əməli addımlara ehtiyac var. Paşinyan buna razılıq verərsə, Türkiyə öz vasitəçilik missiyasını uğurla həyata keçirə bilər. Düşünürəm ki, bu da Ermənistanla Azərbaycan adına müsbət hadisə olardı".
Həmsöhbətimiz hesab edir ki, perspektivdə hətta sülh müqaviləsinin Türkiyədə imzalanması da mümkündür:
"Amma Paşinyan yenə də nağıllar söyləməkdə davam edərsə, belə bir görüşə ehtiyac da olmayacaq. Ərdoğanla Paşinyan arasındakı görüş konkret nəticə yönümlü olacaqsa, Prezident İlham Əliyevin erməni baş nazirlə görüşü də mümkün ola bilər. Bu isə sülh müqaviləsinin imzalanmasını tezləşdirə bilər. Kommunikasiyaların açılması da dolayısı ilə sülhə, əməkdaşlığa töhfə verən məsələ olar. Yetər ki, Paşinyan siyasi iradə nümayiş etdirərək, Azərbaycanın şərtlərini həyata keçirmək üçün hərəkətə keçsin".
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gedir. Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən sonra Azərbaycanın bərpa etdiyi məhəllənin açılışı olmalıdır. Açılış mərasimində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev iştirak edəcəklər.
İyunun 20-də isə Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri gözlənilir. O, səfər çərçivəsində Ərdoğanla görüşəcək. Bildirildiyinə görə, bu görüşdə ikitərəfli əlaqələr və Azərbaycanla Ermənistan arasında münasibətlər müzakirə ediləcək.
Rüfət Sultan
Şərhlər