Dünya 22:21 01.11.2022

"Türkiyədəki Rusiya qaz qovşağının layihəsində boru kəməri infrastrukturu yoxdur" - "Eni" rəhbəri

Kreml tərəfindən elan edilən və Türkiyə hökuməti ilə müzakirə olunan Türkiyədəki Rusiya qaz qovşağının layihəsində əsas element - boru kəməri infrastrukturu yoxdur, onsuz Avropa İttifaqına qazın nəqli mümkün deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi İtaliyanın ən böyük enerji konserni "Eni”nin rəhbəri Klaudio Deskaltsi məlumat verib.

"Əgər biz enerji təhlükəsizliyi üçün qazdan danışırıqsa, qaz və üstəgəl infrastrukturdan danışmalıyıq. Bu iki şey birlikdə getməlidir. Qazın Türkiyədən Avropaya çatdırılması üçün infrastrukturdan danışmalıyıq”, deyən Deskaltsi əlavə edib ki, boru kəməri infrastrukturunun tikintisi qaçılmaz olaraq qazın qiymətini artıracaq.

Onun sözlərinə görə, İtaliya Rusiya prezidenti Vladimir Putinin oktyabrın ortalarında Astanada keçirilən danışıqlarda Rəcəb Tayyib Ərdoğana təklif etdiyi Türkiyə qaz qovşağına qoşulmağı planlaşdırmır.

"Rusiya ilə Ukrayna vasitəsilə əlaqəmiz var və qaz alırıq. Niyə qazı Türkiyədən almalıyıq?”, deyən Deskaltsi təəccüblənib.

Onun sözlərinə görə, "Eni” "Qazprom”un Türkiyəyə qaz nəql etdiyi iki boru kəmərindən biri olan "Mavi axın” boru kəmərindəki payını satmaq planlarını davam etdirir. Deskaltsi deyib ki, şirkət "mümkün qədər tez” layihəyə qoyulan investisiyadan xilas olacaq.

Oktyabrın 21-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov etiraf edib ki, Kreml Türkiyə qaz qovşağının necə təşkil ediləcəyi ilə bağlı hələ bir anlayışa malik deyil.

"Konseptual olaraq bu ideya Türkiyə prezidenti tərəfindən bu yaxınlarda Astanada keçirilən görüşdə dəstəklənib. Prezidentlər dərhal danışıqlara və məsləhətləşmələrə başlamaq üçün tapşırıqlar veriblər. Bu təşəbbüs həm Moskvanın, həm də Ankaranın maraqlarına uyğundur. Bütün nüanslar işləniləcək”, deyə Peskov bildirib.

Onun fikrincə, biri Türkiyənin daxili bazarı üçün, ikincisi isə Cənubi Avropa üçün qaz nəql edən iki "xəttli” sistemi olan "Türk axını” qovşağın qaz təchizatı kanalına çevrilməlidir.

"Türk axını” yaxşı işləyən qaz sistemidir. Qovşaq məsələsinə gəlincə, müzakirə edilməli olan çoxlu nüanslar var. Bunu müəyyən etmək qalır”, deyə Peskov bildirib.

Nizami Bağırov