Dünya 12:44 23.11.2023

"Ukrayna müharibəni dayandırsa, yeni qonşunuz olacaq" - Avstriyadan Slovakiyaya cavab

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq slovakiyalı həmkarı Yuray Blanarın Ukraynada yanğını dayandırmaq və Rusiya ilə sülh danışıqlarına başlamaq təklifi ilə razılaşmayıb.

Qaynarinfo "Der Standard”a istinadən xəbər verir ki, bu barədə iki nazirin Vyanada görüşündən sonra keçirilən mətbuat konfransında danışılıb.

Blanar bildirib ki, Slovakiya Rusiyanın Ukraynaya təcavüzünü beynəlxalq hüququn pozulması kimi qiymətləndirir. Lakin onun sözlərinə görə, müharibə 600 gündən artıqdır ki, davam edir və heç bir nəticə vermir. Blanar qeyd edib ki, müharibə dalana dirənib, atəşkəsə, ardınca isə sülh danışıqlarına ehtiyac var.

Lakin avstriyalı nazir slovakiyalı həmkarına etiraz edib. Şallenberqin fikrincə, hazırda Avropa üçün ən böyük təhlükə Rusiyadan gəlir və müharibəni dayandırmaq Kremlin lideri Vladimir Putindən asılıdır.

"Hamı sülh istəyir... Putin döyüşü dayandırsa, o zaman müharibə də bitəcək. Ukrayna döyüşü dayandırsa, Ukrayna bitəcək. Sonra Slovakiyanın yeni qonşusu ola bilər", deyə Şallenberq bildirib.

Maraqlıdır ki, Avstriya və Slovakiya hazırda Ukraynaya silah verilməməsi ilə bağlı ortaq mövqelərə malikdir. Avstriya neytral ölkə kimi bunu etmir, Slovakiya isə bu kursa hakimiyyət dəyişikliyindən və Robert Fitsonun hakimiyyətə gəlməsindən sonra keçib.

Nizami Bağırov