Dünya 10:50 17.08.2022

Ukrayna müharibəsi necə başlayıb: İşğala doğru gedən yol addım-addım - WP

ABŞ kəşfiyyatı Vladimir Putinin Ukraynada genişmiqyaslı müharibəyə başlamaq planlarından artıq oktyabrda xəbər tutub.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” yazır.

"The Washington Post” Ağ Evin Rusiya rəhbərliyini müharibəyə başlamamağa necə inandırmağa çalışdığını, nəticədə yayınıq cavablar aldığını və NATO-nun Şərqi Avropadakı fəaliyyətini dayandırmaq tələblərini, həmçinin Ukrayna hakimiyyətinin Rusiyanın Ukraynaya hücumu hazırlaması barədə məlumatı necə aldığını və buna necə reaksiya verdiyini təsvir edən ətraflı araşdırma dərc edib. Nəşrin jurnalistləri ABŞ, Ukrayna, Avropa və NATO-nun yüksək rütbəli rəsmiləri arasından 30-dan çox mənbə ilə danışıb, onlardan bəziləri adının açıqlanmasını istəməyib.

Qəzetinin yazdığına görə, ötən ilin oktyabrında ABŞ prezidenti Co Bayden Ağ Evdə kəşfiyyat, hərbi komandanlıq və diplomatik sektor rəhbərləri ilə təcili müşavirə keçirib. O, Rusiyanın Ukraynaya işğalına hazırlıqla bağlı kəşfiyyatdan alınan məlumatlara həsr olunub. Hesabat peyk çəkilişləri, ələ keçirilmiş danışıqlar və Rusiya Federasiyasının siyasi rəhbərliyi, silahlı qüvvələr və  kəşfiyyatındakı mənbələrdən alınan məlumatlar əsasında hazırlanıb. 

2021-ci ilin payızında Bayden administrasiyası Ukraynaya həsr olunmuş bir neçə müşavirə keçirib. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, o zaman Ağ Evdə olan bəzi şəxslər üçün Rusiya liderinin ambisiyalarının miqyasını dərk etmək çətin olub: onlar "ağıllı ölkənin belə bir şey edə biləcəyinə” inanmırdılar.

"Washington Post” qəzeti ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazır ki, rus qoşunları Ukraynanın böyük hissəsinin ələ keçirilməsinə ümid edirdilər. Xüsusilə Belarus ərazisindən keçərək 3-4 günə Kiyevi mühasirəyə almağı planlaşdırırdılar. Rusiya xüsusi təyinatlıları prezident Zelenskini tapmalı, onu hakimiyyətdən uzaqlaşdırmalı, lazım olduqda öldürməli və Ukraynada Kremlə yaxın bir marionet rejim qurmalı idilər.

Paralel olaraq, rus qoşunları şərqdən hərəkət edərək mərkəzi Ukraynadan keçib Dneprə çatmalı, Krımdan gələn qoşunlar isə cənub-şərq sahillərini ələ keçirlməli idilər. Kremlin planlarına görə, bu döyüşlər bir neçə həftə davam edə bilərdi. Qruplaşma və yenidən silahlanma üçün fasilədən sonra ruslar cənubda Moldova və şimalda Belarus arasında yerləşən xəyali xəttə  doğru qərb istiqamətində hərəkət etməli idilər.

Ukraynanın yalnız kiçik qərb hissəsi rus işğalından azad olmalı idi. "Vaşinqton Post”un yazdığı kimi, Putinə görə, orada "düzəlməz neonasist rusofoblar” yaşayır.
Nəşr bildirir ki, ABŞ kəşfiyyatının bu məlumatları Ukrayna rəhbərliyinə təqdim edilib, lakin Kiyevdə onlara şübhə ilə yanaşılıb. Xarici işlər naziri Dmitri Kuleba bunu Ukraynanın təfərrüatları istəməsi, lakin təqdim edilməməsi ilə izah edib.

Yanvarın 12-də Mərkəzi kəşfiyyat idarəsinin rəhbəri Uilyam Börns Kiyevdə prezident Zelenski ilə görüşüb və deyib ki, kəşfiyyat məlumatlarına görə, Rusiya Ukraynanın paytaxtına ildırım sürətli zərbə vurmaq və mərkəzi hökuməti başsız saxlamaq niyyətindədir. ABŞ həmçinin güman edirdi ki, Rusiya əvvəlcə Kiyevətrafı ərazilərdən biri olan Qostomel aerodromuna qoşun endirməyə çalışacaq, sonra isə Kiyevə hücuma başlayacaq (Bu proqnoz özünü doğrultdu: Ukraynaya hücum edən rus qoşunlarının ilk əməliyyatlarında Qostomel aerodromunu ələ keçirmək cəhdi olub).

"The Washington Post” qəzetinin yazdığına görə, Ağ Evdəki gizli müşavirədə Bayden qərara gəlib ki, Rusiya prezidenti Vladimir Putin ya nəzarətə götürülməli, ya da ona müqavimət göstərilməlidir və ABŞ təkbaşına hərəkət etməməlidir.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceykob Sallivanın sözlərinə görə, Co Bayden Ukraynaya hücumun nəticələri barədə Putini xəbərdar etmək üçün Moskvaya nümayəndə göndərmək qərarına gəlib.

ABŞ prezidenti, həmçinin müttəfiqləri kəşfiyyat məlumatları barədə məlumatlandırmağı və onları Rusiya Federasiyasına müqavimət göstərməyin və Ukraynaya birlikdə yardım etməyin lazım olduğuna inandırmağı tapşırıb.

Artıq noyabrın əvvəlində Mərkəzi kəşfiyyat idarəsinin direktoru və ABŞ-ın Moskvadakı keçmiş səfiri Uilyam Börns danışıqlar aparmaq üçün Rusiya paytaxtına gedir. Moskvada o, Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovla görüşür. Telefonla danışıq apararkən Putinin özü də iştirak edir. Putin NATO-nun genişlənməsinin yolverilməzliyini bir daha vurğulayır. Börnsə görə, Putin Ukraynanı işğal etmək planlarını inkar etməyib.

Börns Təhlükəsizlik şurasının katibi Nikolay Patruşevlə də görüşüb, ABŞ kəşfiyyat idarəsinin rəhbərinin sözlərinə görə, o, Rusiyanın Ukraynaya gələcək hücumu ilə bağlı məlumatdan təəccüblənib. Eyni zamanda, o, Putinin NATO-nun genişlənməsinin yolverilməzliyi ilə bağlı sözlərini dəqiq təkrarlayıb və bu, Börnsü daha da narahat edib.

Yanvarın 21-də ABŞ-ın dövlət katibi Entoni Blinken və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Cenevrədə danışıqlar aparıblar və bu danışıqlarda Lavrovla təkbətək qalan Blinken Putinin əsas iddiasının həqiqətən NATO-nun Şərqi Avropada genişlənməsi olduğunu, yoxsa Rusiya prezidentinin "Ukraynanın həmişə Rusiyanın bir hissəsi olduğuna dair az qala dini inancdan” irəli gəldiyini soruşub. Lavrov sualı cavabsız qoyub.

Müharibənin başlamasına 12 gün qalmış, yəni fevralın 11-də də əlamətdar bir görüş olub. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles müdafiə naziri Sergey Şoyqu ilə danışıq aparmaq üçün Moskvaya yola düşüb. Materialın müəllifləri bildirirlər ki, Uolles səfəri zamanı bir daha Şoyquya və Rusiya Federasiyasının nümayəndələrinə Putinin NATO-nun genişlənməsi tələbləri və alyansın Şərqi Avropadakı fəaliyyəti ilə bağlı danışıqlar barədə soruşmaq istəyib. Onun sözlərinə görə, ruslar mövzuya maraq göstərməyiblər.

Britaniyalı nazir daha sonra Şoyquya xəbərdarlıq edib ki, Rusiya Ukraynanı işğal edərsə, şiddətli müqavimətlə üzləşəcək.

"Mən ukraynalıları tanıyıram, beş dəfə Ukraynada olmuşam və onlar döyüşəcəklər", - Uolles deyib. Şoyqu isə belə cavab verib: "Anam ukraynalıdır. Bütün bunlar ölkəmizin bir hissəsidir”, - müəlliflər yazır.

Sonra Uolles Rusiyaya qarşı sanksiyaların tətbiqinin mümkünlüyü məsələsini qaldırıb. Rusiya Müdafiə Nazirliyinin rəhbəri görünməmiş sanksiyalarla bağlı xəbərdarlığa cavab olaraq bildirib ki, "biz digərlərindən fərqli olaraq əziyyət çəkə bilirik”. 

Şoyqu əlavə olaraq bildirib ki, Rusiya Ukraynanın Qərb kursuna dözə bilməz və ingilislərin təklif etməyə çalışdıqları "geri qayıtma təkliflərini” qəbul etmir. Britaniya nümayəndə heyəti getməyə hazırlaşarkən Şoyqu Uollesə üz tutub.

Jurnalistlər britaniyalı nazirin sözlərindən sitat gətirirlər: "O, mənim gözlərimin içinə baxdı və dedi ki, bizim Ukraynanı işğal etmək planımız yoxdur”. Uollesin fikrincə, Şoyqunun sözləri onun "nə qədər yalan olduğunu göstərir”, - deyə material müəllifləri yazır.

Bundan əlavə, qəzet prezident Zelenskinin özündən müsahibə götürüb, o, qarşıdan gələn genişmiqyaslı müharibə barədə əhalini son ana qədər məlumatlandırmamaq qərarına gələndə hansı motivləri rəhbər tutduğunu izah etməyə çalışıb.

"Vaşinqton Post” qəzetinə müsahibəsində prezident Zelenski Rusiya təhlükəsi ilə bağlı ABŞ-dan məlumat aldığını etiraf edib. O, yanvarda MKİ rəhbəri Börnslə görüşdüyünü də xatırladıb.

Lakin eyni zamanda, Zelenski israr edib ki, Qərb tərəfdaşları mümkün hücum barədə təfərrüatlar verməyiblər, lakin bu barədə "ümumi sözlərlə” danışıblar.

"Mən Börnsün o zaman dediyi hər şey haqqında danışmağa hazır deyiləm, amma onun əsas siqnalları həyatım üçün təhlükə ilə bağlı idi. Və bunlar ilk siqnallar deyildi - onlar hər yerdən, bizim xüsusi xidmət orqanlarımızdan, xarici həmkarlarımızdan və başqa yerlərdən gəlirdi”, - Ukrayna prezidenti bildirib.

O, xaos və iqtisadi problemlər yaratmamaq üçün bu təhlükə barədə ölkə vətəndaşlarına danışmadığını bildirir.  Zelenski aşağıdakı rəqəmləri qeyd edir: indi Ukrayna müharibə səbəbindən ayda 5-7 milyard dollar itirir. Prezident əmindir ki, ölkə qışda və istilik mövsümündə belə bir yükə tab gətirə bilməzdi.

"Sən sadəcə mənə "Bax, indi insanları hazırlamalı və onlara deməlisən ki, pula qənaət etsinlər və ərzaq ehtiyatını tutsunlar" deyə bilməzsən. Belə olan halda keçən ilin oktyabr ayından bu yana hər ay 7 milyard dollar itirərdik və ruslar həqiqətən hücum etdiyi an bizi üç günə ələ keçirərdilər, – deyə Zelenski bildirir. - İşğaldan əvvəl xalq arasında xaos yaratsaq, ruslar bizi "yeyər”.

O, öz qərarının doğru olduğuna inanır və bunun hücuma hazırlaşmağa kömək etdiyini bildirir. "İşğal başlayanda belə də oldu - biz bacardığımız qədər güclü idik", - Ukrayna prezidenti bildirib.

Dövlət başçısı yardım üçün ABŞ-a minnətdar olduğunu qeyd edir.  Baxmayaraq ki, Ukrayna Rusiya işğalını dəf etmək üçün müttəfiqlərindən daha böyük həcmdə silahlara ehtiyac duyur.

"Biri mənə "Amma biz sizə siqnallar göndərmişik” deməyə başlayana qədər heç bir iradım yoxdur. Bu ana qədər heç bir şikayətim yoxdur. Amma kimsə bizə bəzi siqnallar göndərdiyini iddia edəndə mən onlara deyirəm: "Bizə silah göndərin, - Zelenski müsahibəsində deyib. - Mən tamamilə haqlı idim və bu gün də buna əminəm”.

Nizami Bağırov