Dünya 15:21 02.12.2022

Ukrayna prezidentinin ofisi Silahlı Qüvvələrin itkisini açıqladı: “Ursula xanım yanılıb”

Fevral ayından bəri 10-13 min Ukrayna əsgəri həlak olub. 100 min itkidən danışan Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin qiymətləndirməsi yanlışdır.

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

"Əlbəttə, Ursula xanım yanılıb, bu, açıq-aşkardır. Buna görə də video silinib, rəqəmlər silinib. Çünki bizdə Baş Qərargahın qiymətləndirilmələri var və bunu Ali Baş Komandan səsləndirir. İtkilər 10.000-dən 12.500-13.000-ə qədərdir”, - Podolyak Ukrayna telemarafonunun efirində deyib. 

Bu həftə AK rəhbəri bildirib ki, hərbi münaqişə başlayandan bəri Ukrayna silahlı qüvvələri 100 min hərbçi itirib, 20 mindən çox dinc sakin də həlak olub. Həmin gün onun çıxışı korrektə edilib və 100.000 itki qeydi silinib. AK açıqlama verərək bildirib ki, səsləndirilən rəqəmə yaralıların sayı da daxildir. Ukrayna sonuncu dəfə itkilərinin sayını avqust ayında açıqlayıb və həlak olanlarının sayının 9000 nəfər olduğu bildirilib. 

Nizami Bağırov