Dünya 16:25 14.05.2023

Ukrayna Rusiya ərazisinə hücum edəcək? - Zelenski açıqladı

Volodimir Zelenski bəyan edib ki, Ukrayna hərbçiləri Rusiya ərazisinə hücum etmir və bu cür hücumlarda maraqlı deyillər, çünki onların bu hərəkətlər üçün əlavə vaxtı, qüvvələri və silahları yoxdur.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, bunu Zelenski Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında jurnalistlərin Ukraynanın Rusiyaya hücumlar həyata keçirib-keçirilməməsi və mövqeyini yaxşılaşdırmaq üçün Rusiya ərazisinə daxil olmağı planlaşdırıb-planlaşdırmaması ilə bağlı suallarını cavablandırarkən deyib.

"Rusiya ərazisinə gəlincə, mən Ukrayna prezidenti kimi harasa gəlmək istəyəndə rəsmi şəkildə gəlirəm və heç yerə hücum etmirəm", deyə prezident bildirib.

Bundan əlavə, Zelenski vurğulayıb ki, Ukrayna Rusiya ərazisinə hücum etmir, "qanuni torpaqlarını” azad edir: "Biz Rusiya Federasiyasına hücumlar təşkil etməkdə maraqlı deyilik. Bunun üçün vaxtımız, gücümüz və əlavə silahlarımız yoxdur. Biz beynəlxalq hüquqa uyğun olaraq işğalın aradan qaldırılması ilə bağlı əks-hücum hərəkətlərinin hazırlanmasına diqqət yetiririk".

Eyni zamanda bu sualı şərh edən kansler Şolts da qeyd edib ki, Ukrayna özünü müdafiə edir və silahları, xüsusən də Almaniyadan məhz öz ərazilərini rus işğalçılarından qorumaq və azad etmək üçün alır.

Aydın