Dünya 20:45 23.08.2022

Ukrayna savaşın gedişatını tam dəyişdirmək üçün ABŞ-dan bunu istədi

Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "müharibənin gedişatını tamamilə dəyişdirmək” üçün ölkəyə 50 ədəd HİMARS reaktiv yaylım atəş sistemi (MLRS) verilməsini istəyib.

"Bir HIMARS sisteminin qiyməti 4 milyon dollar, 50 sistemin qiyməti isə 200 milyon dollar və üstəgəl sursatları. Atəş paritetinə nail olmaq və Rusiya ordusunun maddi-texniki bazasının effektiv şəkildə məhv edilməsinin qiyməti rus-oliqarxın bir yaxtasının dəyərindən azdır. Bu, "dünyanın bütün pulları" deyil, lakin bu müharibənin gedişatını tamamilə dəyişdirə bilər”.

ABŞ artıq Ukraynaya mərmilərdən asılı olaraq 80-300 km məsafədəki hədəfləri vura bilən 16 ədəd HİMARS verib. Kiyev Böyük Britaniya və Almaniyadan ən azı daha 6 oxşar sistem alıb. Eyni zamanda, Vaşinqton eskalasiyaya gətirib çıxaracağından və Üçüncü Dünya müharibəsi ilə bitəcəyindən ehtiyat edərək uzaqmənzilli ATACMS raketlərini göndərməkdən imtina edir.

Ukrayna mütəmadi olaraq HIMARS-ın uğurlu istifadəsi haqqında məlumat verir. Ölkənin Müdafiə Nazirliyinin iyulun sonunda verdiyi məlumata görə, bu sistemlərin köməyi ilə Rusiyanın 50 silah-sursat anbarını məhv etmək mümkün olub. Hərbi ekspertlərin fikrincə, bu cür zərbələr Rusiya ordusunun atəş gücünü əhəmiyyətli dərəcədə azaltmağa və artilleriyadakı üstünlüyünü zərərsizləşdirməyə kömək edir.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın hücumunun qarşısını almaq üçün 50-yə yaxın HİMARS, işğal olunmuş əraziləri geri qaytarmaq üçün isə 100-ə yaxın belə sistem lazımdır.

İyulun sonunda ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit bildirib ki, ABŞ Kiyevi 30-a qədər HIMARS sistemi ilə təchiz edə bilər. Lakin avqustun əvvəlində müdafiə nazirinin müavini Kolin Kahl deyib ki, artıq göndərilmiş say hələlik kifayət edir. Eyni zamanda, ABŞ Ukraynaya HIMARS üçün mərmilər verməkdə davam edir. Onlar son 775 milyon dollarlıq hərbi yardım paketinə də daxil edilib.

Nizami Bağırov