Dünya 10:46 30.05.2023

Ukraynadakı müharibə Moldovaya Dnestryanı üzərində nəzarəti bərpa etmək imkanı verdi

Ukrayna ilə sərhədin bağlanması Dnestryanı bölgənin Avropa ölkələri ilə ticarətdən asılılığını artırıb. Bu, Moldovadan qoparılan regionu Kişinyovun nəzarəti altında geri qaytarılması üçün ilkin şərtlər yaradır. Belə vəziyyət Moskva üçün həssas geosiyasi məğlubiyyət olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” analitiklərə və rəsmilərə istinadən yazır.

"Ümumi konsensus var ki, [Dnestryanıdakı] bu münaqişə Ukraynadakı müharibədən sağ çıxmamalıdır”, - Moldovanın "WatchDog.md” analitik mərkəzinin rəhbəri Valeri Paşa deyib.

Analitiklərin fikrincə, münaqişənin həllinin açarı Moldova hakimiyyəti ilə Dnestryanı iqtisadiyyatın əhəmiyyətli hissəsinə nəzarət edən "Şerif” konqlomeratının sahibləri arasında razılaşma ola bilər. FT-yə görə, Dnestryanı iqtisadiyyat "Qazprom”dan pulsuz qaz tədarükündən asılıdır. Bu, Dnestryanı hakimiyyət orqanlarına kommunal ödənişləri aşağı səviyyədə saxlamağa, pensiyaları Moldovanın digər bölgələrinə nisbətən daha yüksək ödəməyə və bütün Moldovanı elektrik enerjisi ilə təmin edən elektrik stansiyası işlətməyə imkan verir.

"Onların mükəmməl biznes modeli var. Onların pulsuz qazı var və onu Moldova valyutasına satırlar. Onların istədiyi yeganə şey status-kvonu saxlamaqdır”, - Moldovanın reinteqrasiya üzrə keçmiş baş nazirinin müavini Aleksandru Flenkya bildirib. Bununla belə, mövcud vəziyyətin qorunub saxlanmasına artıq zəmanət verilmir - Kişinyov energetika sektorunda Dnestryanıdan asılılığı azaltmaq planlarını sürətləndirir ki, bu da ekspertlərin fikrincə, tanınmamış respublikanın iqtisadiyyatına ciddi zərbə vura bilər.

Paşa bildirib ki, kritik dönüş nöqtəsi ötən il Ukraynanın Dnestryanı ilə sərhədini bağlaması ilə baş verib. Bu, rəsmi ticarəti, eləcə də qaçaqmalçılığı dayandırıb, bu da öz növbəsində tanınmamış respublikanın Aİ-yə ixracatdan asılılığını artırıb. "Qaçaqmalçılıq Tiraspoldakı elita və onların Moldova və Ukraynadakı vasitəçiləri üçün çox mühüm gəlir mənbəyidir. Bu, uzun illər işlədi, lakin indi Dnestryanı bölgə Aİ-dən çox asılıdır. İxracının 70 faizi ora gedir”, - deyə Paşa bildirib.

Karnegi Avropa Mərkəzinin baş elmi işçisi Tomas de Vaal bildirib ki, Dnestryanıda "iqtisadi çöküş" şansı təhlükəsizlik böhranından qat-qat yüksəkdir. O qeyd edir ki, Moskva həmişə respublikada baş verənlərlə maraqlanıb, lakin digər regional mübahisələrdən kritik fərq Rusiyanın Dnestryanı ilə sərhədinin olmaması idi. "Dnestryanı rəhbərliyi əvvəllər açıq şəkildə bəyan edib ki, o, Rusiya ilə Avropa arasında balans istəyir. Lakin bu tarazlıq qeyri-davamlı olur”, - de Vaal əlavə edir.
Eyni zamanda, Moldova hökuməti hələ də gözləmə mövqeyi tutur. Kişinyov ümid edir ki, Aİ-yə namizəd statusu Dnestryanı üçün reinteqrasiyanı daha cəlbedici edəcək iqtisadi dividendlər gətirəcək. Bununla yanaşı, ölkə hakimiyyəti separatçı regionla birləşmənin Aİ-yə daxil olmaq üçün ilkin şərt olmasını istəmir. "Biz ümid edirik ki, yaxın gələcəkdə münaqişənin həlli üçün geosiyasi imkanımız olacaq. Amma biz bunu Avropa İttifaqına daxil olmaq üçün əsas problem hesab etməməliyik”, - Moldova Prezidenti Maya Sandu FT-yə bildirib.

Flenkya münaqişənin mümkün qədər tez həll olunmasının tərəfdarıdır: "Mesaj belə olmalıdır: seçiminiz çox deyil; tükənəcək pulsuz rus qazını unut. Amma sizin qanuni biznesiniz var və onu xilas edib qanuniləşdirə bilərsiniz, ancaq yeganə yol Moldovanın bir hissəsi olmaqdır”.

Eyni zamanda, Kişinyov iqtisadiyyatdakı problemləri əsas gətirərək çox sürətli birləşmədən qorxur. Adının çəkilməsini istəməyən məmurlardan biri FT-yə deyib ki, Moldova hökuməti xeyli rusiyayönlü seçicilərin ümumi seçici sayına qatmağa ehtiyat edir. "Rus dünyasından seçicilərin 15 faizini istənilən demokratiyaya əlavə edin və görün nə baş verir”, - deyə ekspert bildirib. 

Xatırladaq ki, bu ilin fevralında Ukrayna prezidenti Volodimir Zelenski iddia edib ki, Ukrayna kəşfiyyatı Kişinyovda marionet hökumət qurmaq üçün "Rusiyanın Moldovada vəziyyəti sabitsizləşdirmək planını” ələ keçirib. Daha sonra Maya Sandu təsdiqləyib ki, o, həqiqətən də Kiyevdən gözlənilən təxribatlar barədə məlumat alıb. Mart ayında bir sıra KİV-lər Moldovanı Moskvanın peykinə çevirmək üçün Rusiya prezident administrasiyası tərəfindən 2021-ci ildə hazırlanmış planı dərc ediblər.

Nizami Bağırov