Xəbər lenti

Ukraynalı deputat Fikonun səfərini ləğv etməyi tələb edir
Dünya 12:14 22.01.2024

Ukraynalı deputat Fikonun səfərini ləğv etməyi tələb edir

Ukrayna Ali Radasının Xarici siyasət komitəsinin rəhbəri Aleksandr Merejko ("Xalqın xidmətçisi”) "başqa dövlətin liderinin” Ukraynanın suverenliyini şübhə altına alan bəyanatlarına qətiyyətli cavab tələb edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Merejko "Facebook"da müvafiq yazı dərc edib.

"Hər bir dövlətin minimum özünə hörməti olmalıdır. Başqa bir dövlətin rəhbəri dövlətin suverenliyini şübhə altına alan bəyanatlar verərkən heç nə baş vermədiyini iddia etməsi qətiyyən yolverilməzdir. Bu, artıq qəti və birmənalı reaksiya tələb edən "qırmızı xətt”dir, xüsusən də başqa dövlətin lideri suverenliyini inkar etdiyi dövlətə səfər ərəfəsində belə biabırçı bəyanatlar verəndə”, deyə ukraynalı deputat yazıb.

O, konkret kimi nəzərdə tutduğunu açıqlamayıb, lakin gələn həftə Ujqoroda səfəri planlaşdırılan Slovakiyanın baş naziri Robert Fikonun növbəti anti-Ukrayna bəyanatından sonra yazısını dərc edib.

"Adətən belə hallarda səfər ləğv edilir və xarici işlər nazirliyi öz dövlətinin suverenliyini və şərəfini qorumağa yönəlmiş müvafiq bəyanatla çıxış edir", deyə Merejko qeyd edib. 

Yazısının altındakı şərhlərdə deputat postunun xüsusi olaraq Fikonun açıqlamalarına həsr olunduğunu təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib, bunun onun "hüquqşünas-beynəlxalqçı kimi ümumi müşahidəsi” olduğunu bildirib.

"Söhbət konkret şəxslərdən yox, prinsiplərdən gedir. Hər kəs bunu özünəməxsus şəkildə şərh edə bilər”, deyə Merejko əlavə edib.

Xatırladaq ki, Slovakiyanın aş naziri Robert Fiko çərşənbə günü, yanvarın 24-də Ujqoroda gələrək Ukraynanın baş naziri Denis Şmıqalla görüşməyi planlaşdırır. Fiko bildirib ki, o, Şmıqala Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu söyləmək niyyətindədir.

Görüşdən bir neçə gün əvvəl Fiko açıq-aşkar anti-Ukrayna bəyanatları ilə gündəmə gəlib. Belə ki, Slovakiyanın baş naziri Ukraynanı ABŞ-ın tam nəzarəti altında olan qeyri-suveren ölkə adlandırıb.

"2014-cü ildə Maydandan sonra Ukrayna tamamilə ABŞ-ın nəzarətinə keçdi. Rusiya prezidenti Ukraynada hərbi güc tətbiq etmək əmrini niyə verib? Təsəvvür edin ki, sizin yanınızda olan Meksika və onun Müdafiə Nazirliyi, eləcə də bütün siyasi səhnə, o cümlədən prezident və hökumət tamamilə Rusiya Federasiyasının nəzarəti altındadır. İndi təsəvvür edin ki, Meksika Rusiyanın həlledici rol oynadığı hərbi təşkilata daxil edilir. Siz nə edərdiniz? Bu məntiqli arqumentdir! Ukrayna suveren deyil və asılı ölkədir. Ukrayna ABŞ-ın tam nəzarəti altındadır”, deyə Fiko Slovakiya radiolarından birində bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->