İdman 12:39 30.04.2023

Ukraynalıların Azərbaycan rekordu təkrarlandı, Abasov ikiqat yubileyə sevindi

"Sabah”ın futbolçusu Aleksey Kaşuk Azərbaycan çempionatları tarixinə düşüb.

Qaynarinfo xəbər verir ki, o, bir mövsümdə yüksək liqada ən çox qol vuran ukraynalı oyunçu rekordunu təkrarlayıb.

Bu, Premyer Liqanın XXXII turunda "Şamaxı” ilə matça təsadüf edib. Komandasının 1:0 hesablı qələbəsinin memarı olan Kaşuk cari mövsüm qollarının sayını 15-ə çatdıraraq, həmyerlisi Leonid Kalfaya məxsus rekordu təkrarlayıb.

"Neftçi”də çıxış etmiş Kalfa 1998/99 mövsümündə eyni məhsuldarlıq nümayiş etdirib. O, həmin vaxt 24 oyun keçiribsə, Kaşuk 27-ci matçında 15 qola çatıb.

Bir mövsümdə ən çox qol vuran ukraynalı legionerlərin siyahısında rekordçuların ardınca 12 dəfə fərqlənən Viktor Kulikov ("Şəmkir”, 1999/2000) və Vladimir Mazyar ("Simurq”, 2008/2009) yer alıblar.

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə Premyer Liqanın XXXII turunda "Kəpəz”lə səfər oyununda ikiqat yubileyə sevinib. "Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbə 45 yaşlı mütəxəssisin Premyer Liqada 75-ci uğuru olub.

Abasov bunu 190-cı matçında gerçəkləşdirib. Onun rəhbərliyi altında "Sumqayıt” 36, "Neftçi” 31, "Zirə” 8 dəfə üç xal əldə edib. O, Azərbaycan çempionatları tarixində 75 və daha çox matçda qələbə sevinci yaşayan 14-cü baş məşqçidir.

Abasovun rəhbərliyi altında 122-ci qarşılaşmaya çıxan "Sumqayıt” 40-cı dəfə qalib gəlib. Bunlardan 36-sı çempionat, 4-ü kuboka təsadüf edib.