Dünya 16:37 05.01.2023

Ukraynanın raket hücumu: 200 rus səfərbərlikçi öldü, 150-yə yaxını yaralandı

Makeyevkadakı peşə məktəbi binasına edilən raket zərbəsindən sonra dağıntıların yığışdırılmasında iştirak etdiyini iddia edən səfərbərlikçilərdən biri "Vyorstka” ilə əlaqə saxlayıb. Redaktorlar onun şəxsiyyətini təsdiqləyiblər. Adının açıqlanmasını istəməyən şəxs, orada 200-ə yaxın ölü gördüyünü bildirib. 

Qaynarinfo xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hazırda 89 nəfərin ölümü barədə məlumat yayıb.

"Mən və digər səfərbər edilmiş insanlar dağıntıları yığışdırmağa kömək etmişik, - "Vyorstka” mənbəsi deyir. - Dəqiq 200-ə yaxın adam ölüb, 150-yə yaxın insan yaralanıb, ora çox dəhşətlidir. Mən özüm hansısa yollarla bu cəhənnəmdən çıxmağa çalışmışam, amma bütün yolları bağlayıblar və bu hadisədən sonra lap qorxulu olub. Tək mənim üçün yox. Nə üçün döyüşdüyümüzü belə başa düşmürük. Lənət olsun buralara. Burada heç kimə lazım deyilik”.

Səfərbərlikçinin sözlərinə görə, komandanlıq onlara Makeyevkada baş verənlərlə bağlı məlumat yaymağı qadağan edir: 

"İndiyə qədər onlar bunu yalnız sözlə deyiblər, bundan sonra nə olacağını bilmirəm”. 

Makeyevkada baş verənlər barədə danışmağa qadağa qoyulmasını "Vyorstka” ilə söhbət zamanı səfərbər olan digər şəxslərin yaxınları da qeyd ediblər.

Makeyevkada peşə məktəbi binasına hücum yanvarın 1-nə keçən gecə həyata keçirilib. Sonradan məlum olub ki, bina Samara vilayətindən səfərbər edilmişlərlə dolu olub. Rusiya Müdafiə Nazirliyi 89 nəfərin öldüyünü bildirib. Nazirlik günahı səfərbər olunanların özlərinin üzərinə qoyub: guya mobil telefonlardan istifadə onların yerinin koordinatlarını izləməyə və müəyyən etməyə imkan verib.

Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi 400-ə yaxın insanın öldüyünü, 300-ə yaxın insanın yaralandığını bildirir. 

"İstənilən halda ölən və yaralananların sayı yüzlərlədir ("200-lərin” təxmini rəqəmləri mövcuddur, lakin mən onları səsləndirməyəcəm)”, - qondarma DXR-nin keçmiş müdafiə naziri İqor Girkin (Strelkov) bildirib.

Nizami Bağırov