Siyasət 10:40 26.12.2022

“Vaqner” Xankəndiyə gələ bilər - Rusiyadan ermənilərə şok çağırış

Laçın yolunda aksiyanın davam etməsi və Qarabağdakı separatçı-terrorçuların çıxılmaz vəziyyətə düşməsi fonunda Rusiyadan Azərbaycana qarşı təxribatçı çıxışlar intensivləşib.

Rusiya ekspertləri Azərbaycana hərbi müdaxilələrlə bağlı çağırışlar edir.

Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycanın neft mədənlərini bomblamaq çağırışı etdi, Raket və Artilleriya Elmləri üzrə İnformasiya Siyasəti Akademiyasının prezident müavini, hərbi elmlər doktoru Konstantin Sivkov "Kiyevdən sonra Bakı ilə məşğul olacağıq” açıqlamasını verdi.

Milli təhlükəsizliyin ictimai tətbiqi problemlərinin öyrənilməsi mərkəzinin rəhbəri, istefada olan polkovnik Aleksandr Jilin isə "Vaqner”in Qarabağa daxil olması ssenarisini irəli sürür.

Baş verənlərə görə Azərbaycan və Türkiyəni ittiham edən Jilin, Qarabağdakı separatçı-terrorçulara başçılıq etmək istəyən Ruben Vardanyana, eləcə də erməni diasporuna iki məsləhət görür:

Birincisi, SEPAH-dan dəstək almaq: "Vardanyanın timsalında "arsax” rəhbərliyi Tehrandan hərbi kontingentin gəlməsini istəyə, SEPAH-ın real hərbi dəstəyini əldə edə bilər”;

İkincisi, "Vaqner”in Qarabağa gətirilməsidir: "Zəngin erməni diasporu bir neçə özəl hərbi şirkətə müraciət edə, "arsax ordusu”na dəstəyi təmin edə bilər, bunun "Vaqner” olması da istisna deyil”.

Jilin çağırışı ermənilərə istiqamət vermək məqsədi daşıyır və istisna deyil ki, ehtiyatda olan polkovnik Rusiya özəl hərbi şirkətlərinin ictimai lobbiçiliyini də aparır. Onun zəngin ermənilərə çağırış etməsi pul qarşılığında hərbi dəstək təklifi hesab oluna bilər.

Rusiyalı polkovnikin bu açıqlaması qeyri-humanitar daşımaların aparıldığı Laçın yoluna nəzarət məsələsini bir daha aktuallaşdırır. Hazırda yolda aksiya keçirən azərbaycanlılar humanitar yüklərin keçidinə şərait yaradır, hərçənd, "humanitar yük” adı altında hərbi təyinatlı daşımaların həyata keçirilmədiyinə heç kim zəmanət verə bilməz. Bu baxımdan, "Vaqner” tipli özəl hərbi şirkətlərin bölgəyə "sülhməramlı” formasında, yaxud "mülki geyim”də hərbçilər göndərə biləcəyi ehtimalı da nəzərə alınmalı, daşınan yüklərlə yanaşı, keçən şəxslərə də diqqət yetirilməlidir.

Asif Nərimanlı