Foto 16:09 10.12.2020

Vətən Müharibəsi Qəhrəmanı - şəhid kapitan (FOTO)

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovdan yazıb. 

Ceyhun Aydın oğlu Həsənov – 29 oktyabr 1985-ci ildə Tovuzun Çeşməli kəndində doğulub. Sonra ailəsi ilə Bakı şəhəri Xətai rayonuna köçüb. 1992-ci ildə Xətai rayonundakı Ədalət Abbasov adına 257 saylı orta məktəbə gedib. Orta məktəbdə oxuduğu müddətdə basketbol yarışlarında fəal iştirak edib habelə fənn olimpiadalarında uğurla iştirak edib.

2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olan Ceyhun, oxuduğu müddətdə tağım komandiri vəzifəsini icra edib. Müdavimkən güləş yarışlarında yer tutub. 2002-ci ildə hərbi litseydə 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş "Azərbaycan Əsgəri” bədii qiraət müsabiqəsində uğurlu çıxışına görə "Diplom”la təltif olunub.

Ceyhun 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Orada təhsil aldığı müddətdə manqa komandiri vəzifəsini icra edib. 2008-ci ildə həmin məktəbi "Motoatıcı” ixtisası üzrə bitirib, ona leytenant rütbəsi verilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cüdo birinciliyində "Fəxri fərman”la təltif olunub.

2009-cu ildə Müdafiə Nazirinin əmri ilə Naxçıvan Muxtar Respublikasına göndərilib. 02 iyun 2010-cu ildə "N” saylı hərbi hissəyə tağım komandiri təyin olunub.

27 iyun 2011-ci ildə Baş leytenant hərbi rütbəsi alıb. Əlahiddə Ümumqoşun Ordu komandanının Əmrinə əsasən 04 noyabr 2011-ci ildə "N” saylı hərbi hissədə bölük komandiri təyin olunub.

15 sentyabr 2015-ci ildə kapitan hərbi rütbəsi verilib.

Culfa, Şahbuz, Ordubad, Qıvraq, Şərur və Sədərəkdə ön xətdə hərbi vəzifəsini yerinə yetirib.

21 oktyabr 2019-cu ildə Beyləqandakı "N” saylı hərbi hissəyə göndərilib.
 
Cəsur zabitimiz 01.07.2018-ci il, yeddinci ayın ilk günündə ailə həyatı qurub. 2019-cu il avqustun 6-da əkiz oğlan övladları dünyaya gəlib.

Azərbaycan Böyük Vətən Müharibəsi başladığı ilk gün kapitan Ceyhun Həsənov da öncəbhədə, döyüşlərdəydi. Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində uğurlu əks-həmlədə, torpaqlarımızın azad olunması müqəddəs vəzifəsində bir cəsur Bölük komandiri olaraq, iştirak edib, öndə olub, əsgərlərinə örnək olub.

Füzulidə Şəhid olub Ceyhun. Şəhid kapitanımız 2020-ci il sentyabrın 29-da II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Qəhrəmanımızın ruhuna əbədi ehtiram!