Dünya 23:00 06.05.2022

Viktor Orban: “Rusiya neftinə embarqo Macarıstan iqtisadiyyatına bomba atmaqdır”

Macarıstan baş naziri Viktor Orban Avropa Birliyinin Rusiya neftinə embarqo qoymasını Macarıstan iqtisadiyyatına atom atmağa bənzədib.

Qaynarinfo "Euronews” saytına istinadla xəbər verir ki, bu barədə Orban "Radio Kossuth” saytına müsahibəsində deyib.

Avropa Birliyi Rusiyaya qarşı 6-cı sanksiyalar paketi hazırlayır və bu paketdə digər məsələlərlə yanaşı, ilin sonuna kimi Avropa ölkələrinin Rusiya neftindan imtina etməsinə qərar verilib. Ancaq birlik ölkələrindən Macarıstan, Çexiya və Slovakiyanın Rusiya neftindən asılılığı böyük olduğu üçün bu ölkələr birliyin neft sanksiyasına qoşula bilmir.

Slovakiya, Çexiya və Macarıstan Rusiya neftindən Avropa Birliyinin qoyduğu vaxtdan iki il sonra, ən tezi 2024-cü ilin sonunda imtina edə biləcəyini bildirib.

"Biz bu qərarı bir şərtlə dəstəkləməyə hazırıq ki, Çexiyaya gələn neft kəmərlərinin ötürücülük qabiliyyəti artırılana qədər biz bu qərarı təxirə sala bilək”, - Çexiya baş naziri Petr Fiala deyib.

Avropa Birliyi bu ölkələrin Rusiya neftindən asılılığını nəzərə alaraq, onlara müəyyən dövr güzəştlər tətbiq etməyi planlayır.

Avropa Birliyi Rusiya neftinin əsas alıcılarından biridir. Birlik gündəlik olaraq 3.5 milyon barel neft alır.

"Bu təklif Macarıstanın iqtisadiyyatına atom bombası atmağa bərabərdir, biz bunu nəzərə almayan təklifi qəbul edə bilmərik”, - Macarıstan baş naziri Viktor Orban deyib.

Orban ölkəsinin enerji sistemini yeniləmək və Rusiya neftindən asılılığını kəsmək üçün 4-5 ilə ehtiyac olduğunu bildirib.

Avropa Komissiyasının sözçüsü bildirib ki, onlar bəzi ölkələrin xüsusi vəziyyətini tamamilə anlayır.

"Biz nail olmağa çalışdığımız hədəflərimizə cavab verən həll tapmalıyıq. Bu, Kremlin müharibə maşının maliyyələşdirilməsinə təsiri maksimuma qaldırmaq, Avropa Birliyi üçün təsiri minimallaşdırmaqdır”,- komissiya sözcüsü bildirib. 
 
Nurlan Hüseynov