Dünya 14:37 14.07.2023

Vyana müharibə başlayandan sonra Avropadakı rus casuslarının mərkəzinə çevrilib

Digər Avropa ölkələrindən fərqli olaraq Avstriyada Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyanın diplomatik nümayəndəliyi demək olar ki, ixtisar olunmayıb. Bu səbəbdən Vyana Avropada işləyən rusiyalı casusların mərkəzinə çevrilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times yazır.

Avstriyada Beynəlxalq Atom Enerjisi Agentliyi, OPEC və müxtəlif BMT agentlikləri də daxil olmaqla bir neçə böyük beynəlxalq təşkilat var. Eyni zamanda, ölkənin qanunları Avstriya hökumətinə qarşı yönəlməyən kəşfiyyat fəaliyyətini tənzimləmir.

"Məsələn, Rusiya ən yaxın tərəfdaşlarımızdan biri olan Almaniyaya Avstriya ərazisində casusluq edirsə, biz bununla bağlı heç nə edə bilmərik, çünki bu, "Avstriyanın ziyanına” baş vermir”, - deyə Avstriya Parlamenti liberal NEOS partiyasından olan deputat Stefani Krisper bildirib.

FT-nin məlumatına görə, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa ölkələri diplomatik pərdə altında işləyən 400-dən çox rusiyalı casusu ölkədən çıxarıb. Avstriya indiyədək yalnız dörd nəfəri ölkədən çıxarıb. Ölkədə 180-dən çox akkreditə olunmuş rusiyalı diplomatı qalıb. Qəzetin yazdığına görə, onların ən azı üçdə biri kəşfiyyat məlumatlarının toplanması üçün diplomatik "örtükdən” istifadə edir. Bundan əlavə, nəzarətin olmaması səbəbindən ölkədə bir çox casus qeyri-leqal işləyir.

FT qeyd edir ki, Rusiya Vyanadan genişmiqyaslı elektron kəşfiyyat əməliyyatı üçün də istifadə edir. Şəhərdəki hər bir Rusiya diplomatik binasının və kompleksinin damları radarlar və izləmə cihazlarını gizlədən, konstruksiyalarla doludur. Bu sistemlərdən bəziləri son aylarda quraşdırılıb.

Qərb kəşfiyyat rəsmiləri və diplomatları Avstriyadakı vəziyyətdən çaş-baş qalıb. "Bu, Vəhşi Qərbə bənzəyir. Gülməlidir, burada nə istəyirsən eləmək olur. Hətta bizim tərəfimizdən də, mən əminəm”, - Qərb diplomatlarından biri qəzetə deyib. Casusluq vəziyyəti artıq Avstriyanı Avropa kəşfiyyat agentliklərinin qeyri-rəsmi şəbəkəsi olan "Bern klubu” vasitəsilə bir sıra kəşfiyyat məlumatlarının mübadiləsi sazişlərindən kənarda saxlayıb.

Bu il ölkənin üç ən böyük müxalifət partiyası Avstriyada xarici hakimiyyət və strukturlara qarşı casusluğu cinayət hesab edəcək qanunvericilik dəyişikliklərini birgə dəstəkləyib. Lakin indiyə qədər hökumət iki dəfə parlamentdə bu məsələ ilə bağlı səsverməni dayandırıb və bununla izah edib ki, qanunun dəyişdirilməsi üçün idarələr arasında məsləhətləşmələrə daha çox vaxt lazımdır.

"Vyana casusluq üçün ideal mərkəzdir, həmişə də olub. Əgər siz rusiyalı kəşfiyyatçısısınızsa və Almaniyadakı mənbə ilə görüşmək istəyirsinizsə, niyə onunla risk edib orada görüşürsünüz? Siz bu oğlanı Avstriyada xizək tətilinə dəvət edirsiniz. Yaxud Vyanada bala”, - deyə keçmiş Avstriya zabiti və hazırda Avropa Şurasının Xarici Əlaqələr üzrə analitik mərkəzinin baş siyasətçisi Qustav Qressel bildirib.

"Hazırda Avstriyanın Avropadakı mövqeyi biabırçıdır, lakin hökumət həmişə deyə bilər ki, heç bir qanun pozulmur. Əgər onlar qanunu dəyişdirsəydilər, onu tətbiq etməyə cəhd etməli olacaqlar - və əsas odur ki, yəqin ki, bunu bacara bilməzlər. Bu, daha biabırçıdır”, - Qərb kəşfiyyatının rəsmisi FT-yə bildirib.

Xatırladaq ki,  2022-2023-cü illərdə Qərb ölkələri 600-dən çox rusiyalı diplomatı, o cümlədən casusluqda şübhəli bilinənləri ölkədən çıxarıb. Belə ki, Almaniya, Fransa və Polşa 40-dan çox, Estoniya, Slovakiya və Sloveniya 30-dan çox diplomatı ölkədən çıxarıb. Müharibə başlayandan Bolqarıstan 82 Rusiya diplomatını ölkədən kənarlaşdırıb.

Nizami Bağırov