Dünya 14:34 21.12.2023

X sosial şəbəkəsi siyasi reklamdan 100 milyon dollar qazanmaq istəyir - FT

İlon Maskın X sosial şəbəkəsi əsas brendlərin platformanı tərk etməsi nəticəsində yaranan gəlir itkilərini kompensasiya etmək ümidi ilə 2024-cü ildə siyasi reklamdan 100 milyon dollar gəlir əldə etməyi hədəfləyir. Bu sahə üzrə mütəxəssislər bu cür planlara şübhə ilə yanaşırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times yazır.

Qəzet xatırladır ki, Mask bu il platformada keçmiş baş direktor Cek Dorsi tərəfindən tətbiq edilən siyasi reklam qadağasını ləğv edib. Milyarder bu addımını "söz azadlığı" kimi izah edib. 

Şirkət o vaxtdan bəri bu sahəyə sərmayəsini artırıb, xüsusən də bu yaxınlarda öz reklam xidmətlərini tanıtmaq üçün Vaşinqtonda 100-ə yaxın mövcud və potensial siyasi müştəri ilə tədbir keçirib. 

Daha sonra şirkət bəzi tədbir iştirakçılarına "brend təhlükəsizliyini və seçki ədalətliliyini ön plana çıxararaq partiya və namizədlərə seçicilərlə görüşmək üçün yer - ən müasir qlobal platforma qurur" mesajı göndərib. 

"Financial Times”ın tanış olduğu elektron məktubda əlavə edilir ki, X sosial şəbəkəsinin ABŞ-da 92,4 milyon istifadəçisi var, onların 98%-i səsvermə hüququna malikdirlər.

Nəşrin iki mənbəsinin məlumatıma görə, şirkətin baş icraçı direktor Linda Yakkarino bildirib ki, platforma böyük bir seçki ilində illik siyasi reklamdan 100 milyon dollar gəlir əldə etməsini hədəfləyir.

Sosial şəbəkə, marketoloqlar, strateqlər, kampaniya aparanlar və siyasi fəaliyyət qrupları ilə təxminən 400 görüş və zənglər keçirən təxminən 10 nəfərdən ibarət komanda qurub. 

X-in yeni siyasi reklam satış komandasına əvvəllər Hulu və Walt Disney-də siyasi satışlarda çalışmış Sten MakQuayr rəhbərlik edir.

X həmçinin respublikaçılarla münasibətləri idarə etmək üçün Yakkarinonun oğlu Metyu Madrazonu işə götürüb. Media reklamı veteranı Conatan Felpsə demokratlarla iş aparmaq tapşırılıb.

2018-ci il ara seçkiləri dövründə o zamanlar Twitter kimi tanınan X siyasi reklamdan cəmi 3 milyon dollar qazanıb. Dekabrın 11-nə olan məlumata görə, şirkət 2023-cü ilin əvvəlindən siyasi reklamdan təxminən 4,7 milyon dollar qazanıb.

ABŞ-da siyasi marketinq menecerlərindən biri bildirib ki, sektordakı bir çoxları X-in hədəflərinin çox yüksək olduğu hesab edirlər. Belə ki, komandanın Vaşinqtonda iş təcrübəsi yoxdur və reklam təklifləri kifayət qədər effektiv deyil.

Şirkət daha əvvəl planlarını təqdim edərkən 200 milyon dollarlıq siyasi reklam gəliri hədəfi olduğunu söyləyib, lakin o vaxtdan bu rəqəm yenidən nəzərdən keçirilib. "Hətta 100 milyon dollar belə əldə etmək mümkün deyil. Rəqəmlər aldadıcıdır və reallığa uyğun gəlmir", - mənbə vurğulayıb.

Platformada ondan çox kampaniya aparan Demokratik reklam qrupunun baş icraçı direktoru Mayk Nellis bəzi müştərilərinin X-ə pul xərcləməkdən çəkindiyini söyləyib. 

"Platformadakı nəticələrimiz ilin birinci yarısı ilə müqayisədə daha zəifdir, - Nellis deyib. - Biz hesab edirik ki, buna səbəb İlonun mötədil və mütərəqqi istifadəçiləri saytdan uzaqlaşdırmasıdır. Hədəf auditoriyamız X-də əlçatan deyilsə, daha çox pul xərcləməyin mənası yoxdur”, - o bildirib.

Nizami Bağırov