Dünya 17:35 09.06.2022

Xameneyi dünən tənqid etdi, Naftali Bennet bu gün gözlənilmədən BƏƏ-yə getdi

Xameneyi dünən ərəb ölkələrinin İsraillə əlaqələrinin genişlənməsini sərt tənqid edərək, Tel-Əvivin ərəb ölkələrini istismar etdiyini iddia edib.

Qaynarinfo bu barədə "İndipendent”in fars bölməsinə istinadən xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin İran İslam Respublikasına qarşı qətnaməsinin qəbulundan bir gün sonra İsrailin baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri artırmaq üçün bu gün (9 iyun) gözlənilmədən Əbu-Dabiyə səfər edib.

Abu Dabidə Naftali Bennett Birləşmiş Ərəb Əmirliklərinin başçısı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. 

İsrail xəbər mənbələri baş nazirlik ofisinə istinadən bildiriblər ki, səfərin məqsədi iki ölkə arasında iki il əvvəl "İbrahim” paktında başlayan münasibətlərin səviyyəsini artırmaqdır.

Qeyd edilir ki, İbrahim paktı ABŞ, İsrail və dörd ərəb dövləti (Bəhreyn, İordaniya, BƏƏ və Misir) arasında 2020-ci ilin avqustunda imzalanmış, bundan sonra Ərəb-İsrail münasibətlərinin tədricən normallaşmasına başlanmış birgə sazişdir.

Razılaşma İran İslam Respublikasının liderlərini qəzəbləndirib, Əli Xameneyi BƏƏ-ni İslam dünyasına xəyanət etməkdə ittiham edib, lakin İsrail və BƏƏ liderləri sülh sazişini alqışlamaqda davam edirlər.

Bennet isə bu barədə deyib: "İbrahim Sülh Sazişi regionda icmaların rifahına səbəb olacaq diplomatik, iqtisadi və mədəni əlaqələr üçün yeni, dərin və möhkəm struktur yaratdı".

Digər tərəfdən, İran İslam Respublikasının rəhbərləri İsrailə qarşı təhdidlərini daim təkrarlayırlar. Əli Xameneyi dünən çərşənbə günü etdiyi çıxışında "sionistlər İslam dünyasının başının bəlasıdır" deyib.

O, ərəb ölkələrinin rəhbərlərini İsraillə əlaqələrə görə məsxərəyə qoyub və əlavə edib: Sionistlərlə əl sıxan və görüşlər keçirən bu ərəb hökumətləri bundan heç bir fayda görməyəcək, onların zərərdən başqa heç nələri yoxdur”.

İran İslam Respublikasının lideri ərəb ölkələrini "başa düşməməzlikdə və yanlış addım atmaqda” günahlandıraraq, həmçinin İsrailin onları "istismar etdiyini” iddia edib. 
O, daha sonra deyib ki, ərəb ölkələri öz xalqlarının müxalif baxışlarına baxmayaraq, ABŞ-ın tələbi ilə İsraillə əlaqələr qurur.

M.Arif