Dünya 14:09 18.01.2024

Xarici media: Yaxın Şərqdə münaqişə necə böyüyür?

Pakistan İran ərazisinə cavab zərbələri endirib. Partlayışlar ölkənin cənub-şərqində baş verib. İslamabad bildirib ki, hədəflər Pakistan əsilli "terrorçuların sığınacaqları” olub. Pakistan rəsmiləri bildirirlər ki, Tehran onların yaraqlılarla bağlı narahatlıqlarına dəfələrlə məhəl qoymayıb. İran da öz növbəsində yanvarın 17-də Pakistan, İraq və Suriya ərazilərinə raket zərbələri endirib. Qeyd edilib ki, hədəflər İŞİD-in obyektləri olub. Buna baxmayaraq, rəsmi Bağdad və İslamabad öz səfirlərini İrandan geri çağırıblar. Pakistanın Baş naziri isə Davosda Ümumdünya Forumuna səfərini vaxtından əvvəl yarımçıq dayandırıb və vətənə dönüb. Eyni platformada Qərb ölkələrinin liderləri İranı husilərin Qırmızı dənizdəki fəaliyyətlərinə təsir göstərməyə inandırmağa çalışırlar. Bir gün əvvəl üsyançılar ABŞ gəmisinə hücum ediblər. Buna cavab olaraq ABŞ Yəmənə raket zərbələri endirib. 

Qaynarinfo bu hadisələrlə bağlı xarici mətbuatın icmalını təqdim edir. 

CNN-in məlumatına görə, ABŞ "Tomahawk” raketləri ilə husilərin gəmilərə atəş açdığı 14 qurğunu vurub. Bundan bir  neçə saat əvvəl üsyançılar son həftə ərzində ABŞ gəmisinə ikinci hücumunu həyata keçiriblər və bu, noyabr ayından bəri ən təsirli hücum olub. Pilotsuz uçuş aparatı Ədən körfəzində Marşal adaları bayrağı altında üzən "Genco Picardy” yük gəmisinə çırpılıb. Zərbədən gəmi alovlanıb, lakin sonda hərəkətini davam etdirib.

"The Guardian” yazır ki, husiləri qlobal terrorçular siyahısına əlavə etdiyi üçün ABŞ prezidenti Co Bayden administrasiyası qınaq obyektinə çevrilib. Yəmənə humanitar yüklərin çatdırılmasını asanlaşdırmaq üçün bu status 2021-ci ildə ləğv edilib. Ağ Ev izah edib ki, yeni qərar bir ay ərzində qüvvəyə minəcək və bu müddət ərzində husilər 32 milyon əhaliyə bu qərarın nəticələrini minimuma endirməlidir. Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, Yəmən vətəndaşlarının 75%-nin həyatı xarici yardımdan asılıdır.

ABŞ-ın planlaşdırdığı terror statusu husilərə silah verilməsini çətinləşdirəcək. Amma yaraqlıların sözçüsü artıq Reuters agentliyinə bildirib ki, gəmilərə hücumlar davam edəcək https://www.reuters.com/ .

Bloomberg iddia edir ki, son hücumlar üsyançıların kifayət qədər silaha malik olduğunu sübut edir. Bu o deməkdir ki, Co Bayden hərbi kampaniyasını genişləndirə bilər.

Yanvarın 17-də Davosda keçirilən Dünya İqtisadi Forumunda İran, İraq və Pakistanda münaqişənin gərginləşməsi müzakirə olunub. Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron iranlı həmkarı Hüseyn Əmir-Abdollahyanı növbəti təhdidlərin qarşısını almaq üçün husilərə təsir etməyə çağırıb. Tehran hücumlarda iştirakını və ya üsyançılara təsirini inkar edib.
 
Nizami Bağırov