Siyasət 18:05 04.08.2022

Xüsusi əməliyyatlar prosesi sonsuza qədər davam edə bilərmi? - Hərbi ekspert

"Qisas” əməliyyatı Qarabağ ərazisində qalan erməni silahlılarının ərazini tərk etməsi üçün ciddi bir siqnaldır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bu məsələyə cavabdeh olan Rusiya sülhməramlı kontingentin də prosesin sürətlənməsində maraqlı olduğunu vurğulayıb:
 

 
"Əgər bu proseslər - Laçın rayonu, Laçın dəhlizi və digər ərazilərdə qalan erməni silahlılarının ərazidən çıxarılması baş verməzsə, yəni birgə bəyanatın şərtləri tam şəkildə yerinə yetirilməsə, əməliyyatlar yerindən bərpa oluna bilər. Hazırda isə ərazidə sakitlikdir, atəşkəsə riayət olunur. Bizə də prosesləri izləmək qalır. "Qısas” əməliyyatı erməni silahlılarının Azərbaycan ordusunun mövqelərinə intensiv şəkildə atəşkəsi pozması və əməliyyatdan az əvvəl Azərbaycan ordusunun əsgərini şəhid  eləməsi ilə başlandı. Başqa sözlə desək, bu əməliyyatın keçirilməsini erməni silahlılarının fəaliyyətləri nəticəsində mümkün oldu”.
 
Ədalət Verdiyev xüsusi əməliyyatlar prosesinin sonsuza qədər uzanıb gedəcəyinə inanmadığını vurğulayıb:
 
"Çünki Azərbaycan artıq real mövqeyini də ortaya qoyub. Bizim ərazilərimizdə bir nəfər də olsun erməni silahlısı qalmayacaq. Buna nail olmaq üçün Azərbaycan bütün güc, imkan və vasitələrdən istifadə edəcək”.
 
Bahar Rüstəmli