Dünya 16:21 02.12.2022

Yaponiyanın Baş naziri Rusiya ilə sülh müqaviləsi üçün heç bir şərait görmür

Yaponiya hələ də Rusiya ilə sülh müqaviləsi bağlamaq və Kuril adalarına sahiblik problemini həll etmək istəyir. Lakin hələlik Rusiya ilə Yaponiya arasında danışıqlar üçün heç bir şərait yoxdur.

Qaynarinfo xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida bildirib.

"Yaponiya-Rusiya münasibətlərindəki vəziyyət son dərəcə çətin olaraq qalır və indiki vəziyyətdə mən Rusiya Federasiyası ilə sülh müqaviləsi bağlamaq perspektivlərini müzakirə etmək üçün heç bir şərait görmürəm. Buna baxmayaraq, biz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması kursuna qətiyyətlə sadiq qalmağa davam edəcəyik ", - Fumio Kişida Yaponiya parlamentindəki iclasında deyib. 

İkinci Dünya müharibəsindən sonra Kunaşir, Şikotan, İturup və Xabomai (Cənubi Kuril silsiləsi adaları) SSRİ-nin tərkibinə daxil edilib. Yaponiya onların üzərində suverenliyini mübahisələndirir və onları "Rusiya tərəfindən qeyri-qanuni işğal edilmiş” hesab edir.

Rusiya ilə Yaponiya arasında münasibətlər Ukraynada hərbi əməliyyatların başlamasından sonra pisləşib. Mart ayında Rusiya Kuril adalarının statusu və sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlardan imtina edib, həmçinin Kuril adalarında yaponlar üçün vizasız rejimi ləğv edib.

Nizami Bağırov