Dünya 13:06 18.01.2024

Yaxın Şərq yeni qanlı savaşa sürüklənir (ŞƏRH)

"Yaranmış gərginliyə baxmayaraq, Pakistanla İran arasında müharibə gözlənilmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Pakistanla İran arasında yaşanan gərginliyi şərh edərkən deyib.

Siyasi ekspert bildirib ki, Pakistandan fərqli olaraq İraq İrana cavab zərbələri endirməyəcək:

"Çünki İranın iddiasına əsaslansaq, həmin zərbələr İraqa qarşı yönəlməyib, buradakı İsrail və ABŞ mərkəzlərinə zərbələr endirib. Pakistana qarşı endirilən zərbəyə gəlincə, bu Qasım Süleymaninin məzarı önündə baş verən partlayışlarla bağlıdır. Bu partlayışlara görə, Tehran  Pakistandakı bəzi qruplaşmaları günahlandırır. Ona görə də Pakistandakı hərbi obyektlərə zərbələr endirir. Pakistan da cavab olaraq İran ərazisinə zərbələr endirib".
 


Həmsöhbətimizin fikrincə, Pakistanla İranın toqquşmasında Qərb dairələri maraqlıdır:

"Vaxtilə avropalılar Şah İsmayıl Xətai ilə Osmanlı imperiyasını bir-birinin üstünə qızışdırmışdı. İndi də İslam dünyasının iki böyük ölkəsi bir-birini vurur. Qərb isə buna baxıb sevinir. İran və Pakistanın Qərb dünyası ilə gizli sıx əlaqələri var. Bu müstəvidə də Qərb bu ölkələri istədikləri vaxt bir-birinə qarşı qoymağa çalışır. Siyasi məqsədlər naminə hakim zümrələr istədiklərini edirlər. Amma yaranmış vəziyyət İranla Pakistan arasında ciddi müharibəyə gətirib çıxarmayacaq. Ötəri hadisələrdir. Bu nə Pakistana, nə də İrana lazımdır. Sadəcə, öz hikkələrini ödəmək üçün belə addımlar atırlar. Bunun İran və Pakistan xalqına zərrə qədər də olsa xeyri yoxdur”. 

Qeyd edək ki, Tehranın Pakistan ərazisini atəşə tutmasına cavab olaraq İslamabad da yanvarın 18-də öz növbəsində İranın Sistan və Bəlucistan əyalətinin Seravan dairəsinə aviazərbələr endirib. Nəticədə 9 nəfər ölüb. Pakistan İran daxilindəki sarmaçarlar adlanan terrorçuları hədəf  götürdüyünü bildirib. 

Xatırladaq ki, yanvarın 15-16-sına keçən gecə İran İslam Keşikçiləri Korpusunun Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə endirdiyi aviazərbələr nəticəsində 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Tehranın iddiasına əsasən, "Ceyş əl-Ədl” qruplaşmasının qərargahlarını vurub. İran həmçinin İraq ərazisinə də anoloji zərbələr endirib. 

Rüfət Sultan