Dünya 16:00 29.10.2022

Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti açıqladı

"Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına doğru ilk addım işğalçı qoşunların ərazimizdən çıxarılması olmalıdır".

Qaynarinfo "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu sözləri  Ukrayna prezidenti Volodimir Zelenski Yel Universitetinin tələbələri və professor-müəllim heyətinin nümayəndələri ilə söhbəti zamanı deyib.

"Ümumiyyətlə, prezident Putinin kim olduğunu və ya onun nə olduğunu söyləmək mənim üçün onsuz da çətindir. Putin brendi altında milləti məhv etmək üçün aqressiv addımlar atan hərbi-siyasi rəhbərlikdir", deyə Zelenski bildirib.

Ukrayna prezidenti vurğulayıb ki, ölkəsi bu gün Putinlə və ümumiyyətlə, belə bir rejim və suverenliyə, azadlığa hörmətsizlik yanaşması ilə danışmağa hazır deyil: "Deməli, hörmətsizlik ən azı rus hərbçilərinin dövlətimizin ərazisində olması və burada qətlə yetirilməsi ilə özünü göstərir. Beləliklə, ilk addım ərazilərimizdən çıxmaq olmalıdır”.

Eyni zamanda Zelenski əlavə edib ki, gələcək söhbət rusların ölkəni necə tərk etməsindən də asılı olacaq: "Müdafiəçilərimiz onları geri atdıqdan sonra işğalçılar çıxıb gedirlərsə, bu, dialoqun bir formatıdır. Və işğalçılar özləri torpaqlarımızı tərk etsələr, müharibədən diplomatiyaya daha rahat keçid olacaq. Burada onların nəyi seçməsi Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyindən asılıdır. Onlar bizim üçün seçim etmirlər. Onlar öz cəmiyyətləri üçün dialoq formatını seçirlər, müharibədən neçə il sonra dünyadan təcrid olunacaqlar - 10-20 il və ya 100 il. Əllərin qan içindədirsə, heç kim sənə əl vermək istəmir, bu əli yumaq çox çətindir”.

Bundan əvvəl Zelenski Rusiyanın Ukraynanı danışıqlara təhrik etdiyini, lakin özünün yırtıcı şərtlərini irəli sürdüyünü bildirmişdi.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynanın guya hansısa "çirkli bomba” yaratmaq niyyəti ilə bağlı ittihamlarından sonra Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, daimi hədə-qorxulara baxmayaraq heç kim artıq qorxmur, lakin rusların özləri Ukrayna ilə danışıqlar istəyən "zəif qorxaqlardır", çünki bu, "onların dağılmasını dayandırmağın" yeganə yoludur.

Nizami Bağırov