Xəbər lenti

Zelenskiyə sui-qəsd: UTX FTX agent şəbəkəsini ifşa etdi - Planın detalları
Dünya 15:33 07.05.2024

Zelenskiyə sui-qəsd: UTX FTX agent şəbəkəsini ifşa etdi - Planın detalları

Ukrayna təhlükəsizlik xidməti (UTX) Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd hazırlayan Rusiya Federasiyası Federal təhlükəsizlik xidmətinin (FTX) Beşinci idarəsinin agent şəbəkəsini ifşa edib.

Qaynarinfo xəbər verir ki, bu barədə UTX "Telegram"da məlumat yayıb.

Bildirilir ki, bu planlar Dövlət Təhlükəsizliyi İdarəsinin (DTİ) rəhbərliyinin köməyi ilə UTX tərəfindən əvvəlcədən ifşa edilmiş agent şəbəkəsi tərəfindən həyata keçirilməli idi.

Fəaliyyətlərinə Moskvadan FTX tərəfindən nəzarət edilən şəbəkəyə Rusiyaya gizli məlumat göndərən iki DTİ polkovniki daxil olub.
FTX agent şəbəkəsinin vəzifələrindən biri Zelenskinin təhlükəsizliyinə yaxın olan hərbçilər arasında onu girov götürüb öldürə biləcək icraçıları axtarmaqmış.

Rusiyalılar Zelenski ilə yanaşı, UTX rəhbəri Vasili Malyuk, Baş kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanov və digər yüksək vəzifəli məmurları da öldürməyi planlaşdırırdılar.

Qeyd olunur ki, rusiyalılar Budanovun aradan götürülməsini Pasxa bayramından əvvəl həyata keçirməyi planlaşdırırmışlar.

Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, düşmənin planı belə olub: birincisi, cəlb edilən agent mühafizə olunan şəxsin hərəkətini müşahidə etməli və rusiyalılara məlumat ötürməli imiş. Daha sonra məmurun olduğu evin koordinatlarına raket zərbəsi endirilməsi, bundan sonra pilotsuz uçuş aparatları ilə hücum yerində qalan insanlara hücum edilməsi planlaşdırılıb. Bundan sonra rusiyalılar daha bir raketlə vurmağı, o cümlədən PUA istifadəsinin izlərini məhv etməyi planlaşdırıblar.

UTX-nin məlumatına görə, Kiyevə agent üçün FPV dronları, RPG-7 üçün sursatları, həmçinin MON-90 piyada əleyhinə minaları şəxsən DTİ polkovniki gətirib.  

UTX həm DTİ polkovnikinin PUA və partlayıcı maddələr almaq üçün Ukraynanın başqa bölgəsinə səfərlərini, həm də terror aktının potensial icraşısı ilə FTX-nin "kuratoru” arasında danışıqları qeydə alıb.

"Bizim xüsusi əməliyyatımızdan məhdud sayda insan xəbərdar idi və mən onun gedişinə şəxsən nəzarət edirdim. Putinə andiçmə mərasimi üçün hədiyyə edilməli olan terror aktı əslində Rusiya kəşfiyyatının uğursuzluğuna çevrildi. Ancaq unutmaq olmaz - düşmən güclü və təcrübəlidir, onu qiymətləndirməmək olmaz. Biz fəal işləməyə davam edəcəyik ki, hər bir xain layiq olduğu məhkəmə cəzasını alsın”, - deyə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bildirib.

Qeyd olunur ki, terror aktının təşkilinə Rusiya Federasiyası FTX-nin Beşinci idarəsinin operativ məlumat şöbəsinin doqquzuncu departamentinin əməkdaşları - Maksim Mişustin, Dmitri Perlin və Aleksey Kornev rəhbərlik ediblər. 

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->