Ölkə 18:14 21.12.2021

"Özümüzü qorumaq üçün silah götürdük" - Fotosu yayılan mərkəz direktoru

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev yayılan qalmaqallı görüntüsü ilə bağlı məsələyə aydınlıq gətirib.

Adəm İsmiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, özünün və müavinin əlindəki ov silahları olub.

"Biz daim meşərləri gəzir, ərazilərə baxış keçiririk. Meşəlik ərazilərdir. Nə bilirik qarşımıza nə çıxacaq? Özümüzü qorumaq məqsədi ilə silah götürdük. Mənim və müavinimin əlindəki avtomat yox, qanuni ov tüfəngidir. Hər iki silaha Daxili İşlər Nazirliyinin əməkdaşları baxış keçirdilər” deyə Mərkəz direktoru bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev 12 kalibrli "Huğlu Renova”, həmin mərkəzin direktor müavini Sakit Şahmarov isə "Sayqa 410” markalı ov tüfəngləri ilə Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində yerləşən meşə dolayında fotoşəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıblar. Bu, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır.

Əhməd