Lap köhnənin söhbətidir. O qədər köhnənin ki, Azərbaycan filmlərində də bu mövzuya bir neçə dəfə toxunulub. "Neftçi”nin uduzmasını deyirəm. Məşhur filmlərimizdə deyildiyi kimi...
- "Neftçi” yenə uduzdu...
- "Neftçi”nin udan vaxtı var ki?
"Neftçi” yenə uduzub, özü də "Sumqayıt”a. Amma bu dəfə nəticədən daha ağırı var. Ölkənin ən qocaman klubunu, "xalq komandası” adına iddia edən 86 yaşlı dəyərimizi gülünc duruma salıblar. Artıq rəqib "Neftçi”ni onun meydanında məğlub etməklə kifayətlənmir, məğlubiyyətdən sonra onu ələ salır da. Səbəbkar da elə "Neftçi”nin özüdü. "Neftçi”ni idarə edənlər, məşqçilər korpusu, menecerlik adı altında qaz vurub, qazan dolduranlar, futbolçular, hətta klubun media siyasətinə cavabdeh olanlar hamısı bu işdə günahkardır. Onlar oturduqları kürsünün, daşıdıqları məsuliyyətin, "Neftçi”nin adının böyüklüyünün fərqində deyillər.
Həyatın qaydası belədir. Yoldan gedən birinə daş atsan, o da dönüb sənə daş atacaq. Sən qarşındakını söysən, həmin söyüşlərin beşqat artığını öz ünvanına eşidəcəksən. "Sumqayıt” da "Neftçi”yə qarşı elə o cür davrandı. Bəli, "Neftçi” ilə Sumqayıtdakı oyundan dərhal sonra projektorların söndürülməsi, "Kapital Bank Arena”nın qaranlığa qərq edilməsi yanlış davranış idi. Bu qərarı verənlər ən birinci elə Samir Abasova hörmətsizlik etmişdilər, onu canlı yayımda çətin vəziyyətə salmışdılar. Bunun qarşılığında oyunun anonsunda "işıqları söndürün, tekst başlayır” ifadəsinin səslənməsi isə çox böyük risk, arxasında dayanmağın xeyli çətin olduğu iddialı hərəkət sayılırdı. Elə Samir Abasovun mətbuat konfransında dediyi kimi, həmin o kəlmə "Sumqayıt”ın futbolçularını motivasiya etdi, acınacaqlı sonluq qaçılmaz oldu.
Bəlkə də kənardan izləyənlərə xoş gəlir, sevinirlər ki, gərginlik artır, azarkeşlərin diqqəti "Neftçi”ylə "Sumqayıt”ın qarşıdurmasına yönəlir. Amma klubu televiziyalardakı şou proqramları kimi idarə etmək, onu məzə mövzusuna çevirmək "Neftçi”nin tarixinə, dəyərlərinə hörmətsizlikdir. Bunu edəndə sonrasını da fikirləşmək lazımdır. Necə ki, "Sumqayıt”ı "Neftçi”yə qarşı motivasiya edib, axırda da bunun cəzasını çəkmək zorunda qaldılar. İndi işıqları yandırmaq, soyuq başla "biz niyə bu günə düşdük” sualına cavab axtarmaq zamanıdır. Azarkeşlərə yalandan "hər şey yaxşı olacaq, az qalıb” vədini verənlər "Qarabağ”a məğlubiyyətdən sonra "yaxşı olmadı” pankartı ilə üz-üzə qalmışdılar. "Səbail”lə oyundan öncə azarkeşlərə ürək dərmanı təklif edənlərin bunun davamında "tekst söhbəti” etməsinin də bədəli ağır oldu. Həm acı məğlubiyyət, həm də...
Özlərini o günə saldılar ki, Samir Abasov mətbuat konfransında "Neftçi”nin media departamentinin rəhbərinə bonus vermək istədiklərini də açıqladı. Bunu bir neçə dəfə xüsusi ironiya ilə təkrarladı. Başa düşən üçün utanmağa, nəticə çıxarmağa xeyli mövzu var. Sözsüz ki, onlar bunu başa düşmək, nəticə çıxarmaq istəsələr.
İşıqları yandırın, yaxşı-yaxşı düşünün. "Neftçi” batır. Onu siz batırırsız!
Amal Abuşov
Şərhlər